Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan, Türkiyə və yəhudi diasporu bu il erməni lobbisinin Amerika Birləşmiş Ştatlarında (ABŞ) "soyqırım"ı qəbul etdirmək fəaliyyətinin qarşısını birgə fəal şəkildə alacaq.
"Amerikadakı Azərbaycan diasporu erməni lobbisinin qarşısında fəaliyyətsiz dayanmayıb. Hər gün türk və yəhudi qrupları ilə toplaşıb fəaliyyət istiqamətlərini müəyyənləşdiririk. Gələn həftə Vaşinqtonda konqresmenlərlə görüş keçirəcəyik", - şənbə günü Trend -a Nyu-Yorkdan telefonla ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri bildirib.
Trend -un arayışı: Bu il Barak Obamanın ABŞ-ın yeni prezidenti seçilməsindən sonra erməni lobbisi "soyqırım" iddialarını qəbul etdirmək səylərini artırıb. Ermənistanın və erməni lobbisinin iddialarına görə, 1915-ci ildə Türkiyənin sələfi olan Osmanlı İmperiyası ermənilərə qarşı "soyqırım" törədib.
ABŞ-Erməni Milli Komitəsi bu ayın əvvəlində erməni əsilli ABŞ vətəndaşlarını Barak Obamaya və millət vəkillərinə məktub ünvanlayaraq "soyqırım"ı tanımaları üçün təzyiq göstərməyə çağırıb, - Türkiyənin "Haber 7" informasiya agentliyi məlumat yayıb.
Azərinin sözlərinə görə, yəhudi cəmiyyətləri ilə görüşdə onlar Azərbaycan və Türkiyə diasporlarına qondarma "erməni soyqırımı"nın tanınmasının qarşısını almaq istiqamətindəki fəaliyyətlərini dəstəkləyəcəklərini bildiriblər. "Yəhudilər düşmənlərimizin kim olduqlarını yaxşı bilirlər", - o deyib.
Onun fikrincə, "erməni soyqırımı"nın tanınması məsələsi bu il ABŞ Konqresinə çıxarılsa da, qəbul olunmayacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]