Azərbaycan, Bakı, 02 may / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın "Neftçi" futbol klubu aprelin 30-da Dövlət Neft Akademiyasında baş vermiş faciə ilə bağlı bəyanat yayıb.
"Hadisə nəticəsində müstəqil həyata yenicə qədəm qoyan gənclərin xüsusi amansızlıqla qətlə yetirilməsi terrorizmə qarşı nifrət hisslərini daha da artırır", - şənbə günü klubun rəsmi saytının yaydığı bəyanatda qeyd olunub.
"Neftçi" Peşəkar Futbol Klubunun kollektivi aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktından hədsiz kədərləndiyini bildirir. "Neftçi"nin kollektivi ulu Tanrıdan belə hadisələrin bir daha təkrarlanmamasını diləyir, mərhumların ailəsinə dərin hüznlə başsağlığı verir", - bəyanatda deyilir.
Faciə nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində mayın 3-də səfərdə "Karvan"la qarşılaşacaq "Neftçi" bu gün Yevlaxa yollanır. Dünən axşam saatlarında öz bazasında son məşqini keçirən paytaxt klubu, bu gün axşam saatlarında matçın keçiriləcəyi Yevlax şəhər stadionunda oyunöncəsi son məşqini keçirəcək. "Neftçi"nin heyətində "Qarabağ"la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Dmitri Kruqlovla yanaşı, zədəlilər Suat Usta, Marian Aliuta və Marko Dafçev "Karvan"la matçda iştirak etməyəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]