Azərbaycan, Bakı, 04 may / Trend , müxbir A.Huseynbala /
Azərbaycan gimnastları İtaliyanın Pesaro şəhərində başa çatan Dünya kubokunun növbəti mərhələsində beşinci yeri tutublar.
Dörd mümkün finaldan üçündə iştirak edən Anna Qurbanova ip və həlqə ilə hərəkətlərdə beşinci yeri tutaraq yaxşı nəticə göstərib. Topla hərəkətlərdə Qurbanova altıncı olub.
Azərbaycanın digər gimnastı Aliyə Qarayeva da üç dəfə finala vəsiqə qazanaraq top və iplə hərəkətlərdə 7-ci, lentlə hərəkətlərdə isə 8-ci nəticəni göstərib.
Çoxnövçülükdə hər iki gimnastımız 101,65 bal toplayaraq 9-10-cu yerləri bölüşüb. Azərbaycandan olan üçüncü iştirakçı Zeynəb Cavadlı 91,85 bal toplayaraq 33 gimnast arasında 18-ci yerlə kifayyətlənib.
Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir ki, Pesaroda keçirilən yarışda dörd dəfə yaxşı nəticə göstərərək birinciliyi rusiyalı gimnast Yevgeniya Kanayeva qazanıb.
Final çıxışları ilə Azərbaycanın yaşlılardan ibarət qrup komandası da fəxr edə bilər. Üç lent və iki iplə hərəkətlərə görə Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prosolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Nigar Mirzəyevadan ibarət Yaponiyada keçiriləcək Dünya kuboku yarışlarına hazırlaşan kollektiv hakimlərdən 23,7 bal alaraq beşinci yeri tutub.
İkinövçülük yarışlarında Azərbaycan yığması 44,625 bal toplayaraq 6-cı yeri tutub. İkinövçülükdə hər üç növ üzrə Dünya kubokuna ev sahibliyi edən İtaliya yığması gimnastları yiyələnib.
Milli Gimnastika Federasiyası mətbuat xidmətindən verilən məlumata əsasən, İtaliyada keçirilən turnir 10 gün sonra Bakıda start götürəcək Avro-2009-a gimnastlarımız üçün son hazırlıq mərhələsi olub.
Məlum olub ki, əcnəbi gimnastlardan ilk olaraq Bakıya Litva idmançıları gələcək. Onların gəlişi mayın 11-nə keçən gecə gözlənilir. Yarışlar mayın 15-i saat 10:30-da start götürəcək. Elə həmən gün saat 18:30-da çempionatın rəsmi açılış mərasimi keçiriləcək.
Bakıda keçiriləcək Avro-2009-dan canlı yayım hüququ Azərbaycanda "Lider TV"yə aiddir. Qitə turnirinə xarici televiziya kanalları da maraq göstərib. Rusiyanın "RTR Sport" telekanalı televiziya icmalçısını Bakıya ezam edib. Qalan ölkələr Avro-2009 yarışmasına "Eurosport" və digər telekanallar vasitəsilə baxa bilərlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]