...

Azərbaycanda Amnistiya Aktı ilə indiyədək 3290 məhkum azadlığa buraxılıb

Cəmiyyət Materials 3 İyun 2009 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı ilə indiyədək 3290 məhkum azadlığa buraxılıb.

Bu barədə çərşənbə günü Trend -a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Trend -un arayışı: Milli Məclis martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib.

İlkin məlumata görə, Amnistiya Aktı 9 min məhbusa tətbiq olunacaq.

İdarədən bildirilib ki, azadlığa buraxılanların 1055 nəfəri cəzaçəkmə və 762-si məntəqə tipli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrumetmə növündə, 1473-ü isə azadlığın məhdudlaşdırması növündə xüsusi müəssisələrdə cəza çəkən məhkumlardır.

Azad olunan məhkumların 30-u qadındır.

PX tərəfindən icrası həyata keçirilən 3 cəza növü üzrə amnistiya tətbiq ediləcək məhkumların dəqiq sayı aktın icrasının yekununda məlum olacaq.

Trend -un arayışı: 1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı qəbul olunub və bu, 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti