...

Azərbaycanda cəzaçəkmə müəssisəsində idman kompleksi, ibadət otaqları və kompyuter kursları açılıb

Cəmiyyət Materials 11 İyun 2009 14:28 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisəsində idman kompleksi, ibadət otaqları və kompyuter kursları açılıb

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda cəzaçəkmə müəssisəsində idman kompleksi, ibadət otaqları və kompyuter kursları açılıb.

Trend -un məlumatına görə, Penitensiar Xidmətin 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində açılan 3, 6 və 9 aylıq ingilis dili və kompyuter kurslarına ilkin mərhələdə 20 nəfərin cəlb olunması nəzərdə tutulub.

3 aylıq kompyuter kurslarında məhkumlara ofis proqramları tədris olunacaq və müvafiq sertifikatlar təqdim ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin regionlar üzrə boş iş yerləri barədə məlumatlarının da komyuterlərə yerləşdirilməsi planlaşdırılıb.

Müəssisədə idmanın müxtəlif növləri ilə məğul olmaq üçün müvafiq idman ləvazimatları ilə təchiz olunmuş idman kompleksi istifadəyə verilib. İdman kompleksində məhkumlar üçün trinajor zalı, stolüstü oyunlar üçün zallar yerləşir.

Yeni təmir olunmuş məscidin və xristian dininə sitayiş edən məhkumlar üçün təşkil olunmuş yeni ibadət otağının açılışı cəza çəkənlərin vicdan və dini etiqad azadlğının tam təmin olunmasına kömək edəcək.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, müəssisədə xristian dininə etiqad edən 20-yə yaxın məhkum cəza çəkir.

Nazir müavini qeyd edib ki, məhkumların cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədilə digər cəzaçəkmə müəssisələrində də yeni idman komplekslərinin, ingilis dili və kompyuter kurslarının açılışı planlaşdırılır.

Artıq 4, 5, 6 saylı müəssisələrdə, Tərbiyə müəssisəsində belə kurslar fəaliyyət göstərir.

Açılış mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə müəssisəyə idman avadanlığı və ədəbiyyatı hədiyyə edib.

Tədbirdə əlaqədar qurumların nümayəndələri, olimpiya oyunlarının qalibləri də iştirak edib.

Müəssisədə 800-ə yaxın məhkum saxlanılır. Onlar arasında 10-a yaxın əcnəbi məhkum cəza çəkir ki, onların da böyük qismi İran vətəndaşıdır.

Ciddi rejimli müəssisə bir neçə dəfə məhkum olunmuşlar üçün nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti