...

Gürcüstan və Ermənistan Azərbaycanın transsərhəd çaylarını çirkləndirməkdə davam edir

Cəmiyyət Materials 14 Sentyabr 2009 11:20 (UTC +04:00)
Azərbaycanın transsərhəd Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsi səviyyəsi normadan artıqdır.
Gürcüstan və Ermənistan Azərbaycanın transsərhəd çaylarını çirkləndirməkdə davam edir

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın transsərhəd Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsi səviyyəsi normadan artıqdır.

Kür çayının Gürcüstan və Ermənistan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin, həmçinin biogen maddələrin miqdarının yol verilən qatılıq həddini dəfələrlə keçməsi qeydə alınıb. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır. Bu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) transsərhəd çayların çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabrın I ongünlüyü üçün keçirdiyi növbəti monitorinqin nəticələrində göstərilib.

Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən mis birləşmələri 6, fenollar 4, ammonium ionu 1,6, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 6, Ağstafaçay su anbarında fenollar 4 mis birləşmələri isə 6 dəfə yol verilən qatılıq həddini keçib.

Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 44,2 m3/san təşkil edib. Suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3, mis birləşmələri isə Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 4 dəfə yol verilən qatılıq həddini keçib.

Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi çətinləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti