Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Mətbuat Şurası jurnalistlərin peşəkarlığının artırılması üçün yeni layihə həyata keçirəcək.
"Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yeni institutun yaradılmasına çox ehtiyac olduğundan, indi bu layihə ilə bağlı müzakirələr aparırıq", - bazar ertəsi Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20-i informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.
Amaşovun sözlərinə görə, Azərbaycanda jurnalistika sahəsindəki problemlərə kompleks şəklində yanaşılmasa, ciddi uğurlar əldə etmək mümkün olmayacaq.
"Mətbuatın iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Biz KİV-lərin reklamla bağlı problemlərinin həlli üçün də layihə hazırlayacağıq. Düşünürəm ki, xüsusən gənc jurnalistlərin peşəkarlığının artırılması məqsədilə də ayrıca layihə həyata keçirilməlidir", - Şura sədri əlavə edib.
Onun fikrincə, jurnalistlərin bir hissəsi keçmiş SSRİ dövründə, bir hissəsi müstəqilliyimiz bərpa olunandan sonra təhsil alıblar. "Amma indi jurnalistika ilə məşğul olanların bir hissəsinin nəinki jurnalistika ixtisası üzrə, hətta humanitar fənlər üzrə təhsilləri yoxdur. Bunu nəzərə alaraq gənc jurnalistləri ixtisasartırma kurslarına cəlb etmək vacibdir", - o xatırladıb.
Şura sədri deyib ki, layihə baş tutacağı halda jurnalistlərə 1 il, yaxud ilyarım təcrübəli mütəxəssislər ixtisasartırma ilə bağlı mühazirələr oxuyacaqlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]