Azərbaycan, Lənkəran, 11 fevral / Trend , müxbir P.Əliyeva/
Azərbaycanın İranla sərhəd olan cənub bölgəsində (Lerik, Astara, Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Cəlilabad) fəaliyyət göstərən dini mağazaların fəaliyyəti məhdudlaşdırıla bilər. Bu barədə cümə axşamı Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov məlumat verib.
Cənub bölgəsində dini ədəbiyyat və əşya satan 16 dini mağaza və köşk fəaliyyət göstərir.
Bədirov deyib ki, hazırda bu mağazaların fəaliyyəti ilə bağlı müəyyən araşdırmalar aparılır.
"Yeni qanun qüvvəyə mindikdən sonra kifayət qədər vaxt keçməsinə baxmayaraq bölgədəki mağazalardan heç biri gələcək fəaliyyətləri üçün DQDK-dən razılıq almayıblar", - Bədirov əlavə edib.
Bədirov vurğulayıb ki, əgər mağazalar razılıq almasalar, "Dini etiqad azadlığı haqqında" qanunun 22.3-cü maddəsinə (Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq İcra Hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir) uyğun olaraq onların gələcək fəaliyyətlərinə məhdudiyyətlər qoyula bilər.