...

Azərbaycanda əlavə kassasiya icraatına zərurət varmı?

Cəmiyyət Materials 25 Fevral 2010 10:04 (UTC +04:00)
Azərbaycanda əlavə kassasiya instansiyasının fəaliyyəti birmənalı qəbul olunmur. Onun bir instansiya kimi fəaliyyətini əhəmiyyətsiz hesab edən ekspertlər beynəlxalq təcrübədə bu instansiyanın mövcud olmadığını və Azərbaycanın məhkəmə sisteminə "yamaq" olduğunu iddia edirlər.
Azərbaycanda əlavə kassasiya icraatına zərurət varmı?

Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda əlavə kassasiya instansiyasının fəaliyyəti birmənalı qəbul olunmur. Onun bir instansiya kimi fəaliyyətini əhəmiyyətsiz hesab edən ekspertlər beynəlxalq təcrübədə bu instansiyanın mövcud olmadığını və Azərbaycanın məhkəmə sisteminə "yamaq" olduğunu iddia edirlər.

Əlavə kassasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin təqdimatı, Baş prokurorun protesti və müdafiə tərəfinin şikayəti əsasında Ali Məhkəmənin Plenumunda baxılır. Əlavə kassasiya şikayəti kassasiya instansiyasının qərarından sonra bir il müddətində verilə bilər. Həm kassasiya, həm də əlavə kassasiya instansiyasında faktlar araşdırılmır. Bu mərhələlərdə qanunvericiliyin düzgün tətbiq olunub-olunmadığı müəyyənləşdirilir.

Əlavə kassasiya şikayəti Ali Məhkəmədə öyrənildikdən sonra qanunun düzgün tətbiq olunmadığı halları aşkarlanarsa, şikayət baxılması üçün Plenuma çıxarılır.

Azərbaycan Mülki-Prosessual Məcəllənin tələbinə görə, Ali Məhkəmənin Plenumunda mülki işlər üzrə məhkəmə kollegiyasının və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə əlavə kassasiya qaydasında yenidən baxıla bilər.

Ali Məhkəmənin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Həmçinin işdə vəkillə iştirak edən şəxs şikayət və müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Baş prokuror protest vermək hüququna malikdir.

Cinayət-Prosessual Məcəlləsində isə qeyd olunub ki, əlavə kassasiya qaydasında Plenuma təqdimat vermək hüququna yalnız Ali Məhkəmənin sədri malikdir. Əlavə kassasiya qaydasında protest vermək hüququna Baş prokuror, şikayət vermək hüququna yalnız məhkum və ya onun xahişi ilə müdafiəçisi malikdir.

Plenum həmçinin Konstitusiya Məhkəməsinin, Avropa Məhkəməsinin ləğv etdiyi qərarlara, yeni açılmış hallar üzrə işlərə baxır.

Avropa Məhkəməsinə və Konstitusiya Məhkəməsinə şikayət verərkən bu instansiyadan keçmək tələb olunmur. Avropa Məhkəməsinin bu məsələ ilə bağlı iki qərarı olub. "Babayev Azərbaycana qarşı" və "İsmayılov Azərbaycana qarşı" qərarlarında qeyd olunub ki, əlavə kassasiya instansiyası məhkəmə instansiyası deyil və bu instansiyanı keçməyə ehtiyac yoxdur. Avropa Məhkəməsi qeyd edir ki, bu instansiyaya işlərin qəbulu Ali Məhkəmənin sədrinin iradəsindən asılı olduğundan əlavə kassasiyanı instansiya kimi qəbul etmək mümkün deyil.

Mövzu ilə əlaqədar söhbət etdiyimiz əksər ekspertlər hesab edir ki. işlərin Plenuma çıxarılması Ali Məhkəmə sədrinin qərarından asılıdır və bu hal əksər vaxt sui-istifadəyə səbəb olur.

Alternativ fikirdə olan ekspertlərin qənaətincə, əlavə kassasiya instansiyası Ali Məhkəmənin nəzarət funksiyasını əvəz edir və məhkəmə səhvlərinin aradan qaldırılması üçün zəruridir.

Ötən il Ali Məhkəmənin Plenumunda 23 işə baxılıb və müvafiq qərarlar qəbul edilib. İşlərdən 2-si əlavə kassasiya şikayəti, protest, təqdimat və yeni açılmış hallar üzrə cinayət, 6-sı əlavə kassasiya şikayəti, təqdimat və yeni açılmış hallar üzrə mülki, 8-i Konstitusiya Məhkəməsinin qərarlarına əsasən qərarları qüvvədən düşmüş hesab edilən mülki, 2-si Avropa Məhkəməsinin qəraralarına əsasən cinayət və hərbi, 5-i isə Avropa Məhkəməsinin qərarlarına əsasən mülki işlərlə əlaqədardır.

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi İlham Həsənov əlavə kassasiyanı artıq instansiya hesab edir və qeyd edir ki, bu instansiya Avropa standartlarında nəzərdə tutulmayıb.

"Bu instansiyaya işlərin qəbulu vəzifəli şəxsin - Ali Məhkəmə sədrinin iradəsindən asılıdır. O istəməzsə, hər hansı iş Plenuma çıxarıla bilməz. Ali Məhkəmə sədrinin qərarından isə yuxarı instansiyaya şikayət vermək imkanı yoxdur", - hakim vurğulayıb.

Həmin məhkəmənin hakimi Həmid Həmidov da əksər ölkələrdə bu instansiyanın olmadığını deyir və hesab edir ki, cinayət işləri ilə bağlı bu instansiyaya ehtiyac var, mülki islər üzrə isə artıq instansiyadır.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyevin sözlərinə görə, avropalı ekspertlər 3 instansiya olduğu halda əlavə kassasiyaya ehtiyac olmadığını deyir.

"Onlarla razılaşmayan digər qrup isə iddia edir ki, əlavə kassasiya kassasiya instansiyasındakı səhvləri aradan qaldırmaq üçün lazımdı. Bütün məhkəmə instansiyalarında səhvlər olur və hər zaman olacaq da. Onda belə çıxır ki, Plenumun da səhvini düzəldəcək hansısa bir instansiya olmalıdır. Bu məntiqdən çıxış etsək, onda bu sonsuzluğa qədər davam edə bilər", - deyə Mirzəliyev bildirib.

Ali Məhkəmənin hakimi deyir ki, bu instansiya qanunvericiliklə müəyyən edilib və qanunun tələblərinə riayət etmək hər kəsin borcudur.

"Bu instansiyanın ləğvi qanunverici orqanın səlahiyyətində olan məsələdir. Əlavə kassasiya instansiyasının gələcəkdə ləğv olunacağını da istisna etmirəm", - deyə Mirzəliyev vurğulayıb.

Vəkil İsaxan Aşurov əlavə kassasiyanı Avropa hüquq məkanına xas olmayan instansiya kimi qəbul edir. Onun sözlərinə görə, bu instansiya fəaliyyət göstərirsə, onda Ali Məhkəmə sədrinin və Baş prokurorun iradəsindən asılı olmamalıdır. Hər kəsin bu instansiyaya müraciət etmək imkanı olmalıdır.

"Əlavə kassasiya instansiyasına ehtiyac yoxdur. Ali Məhkəmədə savadlı, peşəkar hakimlər var və onlar obyektiv qərar qəbul etməklə məhkəmə səhvlərini aradan qaldıra bilərlər," - deyə vəkil vurğulayıb.

Vəkil Fuad Ağayev hesab edir ki, əlavə kassasiya instansiyasına cinayət işləri üzrə ehtiyac var.

Onun sözlərinə görə, cinayət işi üzrə bu instansiyada məhkumun vəziyyətini yaxşılaşdırmağa imkan varsa, bu imkandan istifadə olunmalıdır. Mülki və iqtisadi mübahisələrlə bağlı əlavə kassasiya instansiyasının vacibliyinə gəlincə isə, vəkil bildirib ki, bu sahədə mübahisələrə dair işlər üzrə Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin qərarları mövcud olduqda, Plenum həmin işlərə yenidən baxıb qərarları ləğv edə bilər.

Xəbər lenti

Xəbər lenti