...

Azərbaycanın Yardımlı rayonunda torpaq sürüşməsindən iki ev dağıla bilər

Cəmiyyət Materials 4 Mart 2010 18:18 (UTC +04:00)
"Yardımlı rayonunun Telavar kəndində baş verən torpaq sürüşməsi nəticəsində 2 ev üçün ciddi təhlükə yaranıb", - cümə axşamı Trend News-a Yardımlı rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Fərruxov bildirib.
Azərbaycanın Yardımlı rayonunda torpaq sürüşməsindən iki ev dağıla bilər

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın cənubunda yerləşən Yardımlı rayonunda (paytaxt Bakıdan 300 kilometr cənubda) torpaq sürüşməsindən iki ev dağıla bilər.

"Yardımlı rayonunun Telavar kəndində baş verən torpaq sürüşməsi nəticəsində 2 ev üçün ciddi təhlükə yaranıb", - cümə axşamı Trend -a Yardımlı rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Fərruxov bildirib.

Onun sözlərinə görə, Telavar kəndində torpaq sürüşməsi hələ fevral ayından müşahidə edilməyə başlanılıb. "Son günlər kənddə torpaq sürüşməsi daha da intensivləşib. Ən gərgin vəziyyət kənd sakini Xanhüseyn Rzayevin həyətyanı sahəsində müşahidə edilir. 2 hektara yaxın sahəni əhatə edən sürüşmə zamanı təxminən 1 metr dərinliyində yarğan əmələ gəlib. Bu günə kimi torpaq sahəsi təxminən 3 metr irəli sürüşərək Xanhüseyn Rzayev və qonşusu Muğbil Əbişovun yaşadığı fərdi evlər üçün təhlükə yaradıb. Hər iki evin divarlarında ciddi çatlar əmələ gəlib. Həmin evlərin köçürülməsi üçün kənddə ictimai binalarda yer müəyyən edilib. Onların köçürülməsi təmin olunacaq", - komissiya sədri əlavə edib.

Fərruxov deyib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kəndə gəlib və sürüşmə ərazisinə baxış keçiriblər. "Faktla bağlı müvafiq sənədləşmə işləri aparan nazirlik əməkdaşları bildiriblər ki, əgər qarşıdakı aylarda yağıntılar intensivləşərsə ərazidə torpaq sürüşməsi daha təhlükəli vəziyyət yarada bilər", - o vurğulayıb.

Komissiya sədri bildirib ki, kəndin digər bir hissəsində isə Adışirin Sariyevə məxsus həyətyanı sahədə 2 sot torpaq sahəsi sürüşüb. "Lakin bu sürüşmə zamanı yaşayış evləri üçün heç bir təhlükə yaranmayıb. Buna baxmayaraq sakinlər bildirir ki, qarşıdakı günlərdə yağıntılar intensivləşərsə kənddə daha 10 ev üçün təhlükə yarana bilər. Ümumiyyətlə isə kənd sürüşmə zonasına aid olduğundan ərazidə ara-sıra belə torpaq sürüşmələri qeydə alınır. Kənddə ilk torpaq sürüşməsi isə 1954-cü ildə baş verib. Həmin tarixdən sonra kəndin bir neçə hissəsində yarğanlar əmələ gəlib", - Fərruxov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti