Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentinin komitə sədrinin müavini deyib ki, son vaxtlar məktəblilər və yeniyetmələr arasında intihar faktlarının çoxalması narahatedicidir.
"Araşdırmalar zamanı məlum olur ki, məktəblilərin, tələbələrin, eyni zamanda, hərbçilərin özlərinə qəsd etmələrinin səbəblərinə diqqəti artırmaq lazımdır", - cümə axşamı Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, nevropatoloq həkim Musa Quliyev bildirib.
2010-cu ilin ilk üç ayı ərzində Azərbaycanda 12 məktəbli və yeniyetmə intihar edib. 2009-cu il ərzində Azərbaycanda 29 məktəbli və yeniyetmə, bir nəfər azyaşlı uşaq həyatına qəsd etmişdi.
Quliyevin sözlərinə görə, məktəblillər arasında intihar hallarının qarşısını almaqdan ötrü həm məktəbin pedaqoji kollektivi, həm də valideynlərin daha çox diqqətli olmasına ehtiyac var.
"Düşünürəm, bizim telekanallar da məktəbli və yeniyetmələrə çox mənfi təsir göstərir. İlk növbədə, zorakılıqdan bəhs edən filmlərin nümayiş etdirilməsinə ciddi nəzarət olunmalıdır. Təbii ki, internetin də burada mənfi rolu var və biz bununla bağlı qadağa tətbiq edə bilmərik. Amma hər halda, başqa sahələrdə psixoloji gərginliyə səbəb olan problemləri həll etmək mümkündür", - millət vəkili əlavə edib.
Onun fikrincə, məktəblərdə psixoloqların olmaması da intiharların qarşısının alınması prosesinə maneçilik törədir.
"Əgər psixoloq varsa belə, çoxu öz vəzifə və funksiyalarını bilmir. Bu, çox ciddi məsələdir. Milli Məclisin iclasında da bununla bağlı məsələ qaldırmaq niyyətindəyəm", - Quliyev vurğulayıb.
Komitə sədrinin müavini deyib ki, problemin həlli üçün ailə psixoloqlarının olması vacibdir.
"Ailə daxilində və orduda müəyyən psixoloji gərginliklərin aradan qaldırılmasına ehtiyac var. Çünki gənclər evdə, təhsil müəssisəsində, mülki həyatda başqa mühitdə yaşadıqlarından, ordu sıralarına çağırılanda hərbi rejimə birdən-birə uyğunlaşa bilmirlər. Ona görə psixoloji xidmətin səviyyəsi artırılmalıdır", - o xatırladıb.
Quliyev bildirir ki, cəmiyyətdəki bəzi psixoloji məqamlarla da bağlı düşünmək lazımdır.
"Şübhəsiz, ayrı-ayrı insanların müəyyən hallarda sosial rifahının kəskin şəkildə dəyişməsi də psixoloji gərginliyə səbəb olur. Məsələn, elə adam var, yaxşı vəzifədə işləyib birdən-birə yüksək maaşdan məhrum olanda onun özünə və ətrafına mənfi təsir göstərir. Yaxud ortasəviyyəli bizneslə məşğul olan adam birdən-birə müflisləşirsə, uşaqlar və yeniyetmələr bəzən buna hazır olmurlar. Ona görə özünə qəsd edənlər həm imkanlı, həm də imkansız ailələrin uşaqları ola bilərlər", - millət vəkili deyib.
Komitə sədrinin müavini düşünür ki, bütün bu məqamlar həm ailənin, həm cəmiyyətin, həm də dövlətin daim diqqət mərkəzində, nəzarətində olmalıdır.
"Əlbəttə, ilk növbədə, məktəblərdə bu işə ciddi fikir verilməlidir. Hər bir məktəbdə ayrıca psixoloq ştatının olması təqdirəlayiqdir. Amma istərdim, hər məktəbin hər bir sinif rəhbəri psixoloq kurslarına getsin. Nəticədə, həmin sinif rəhbərləri həftədə bir-iki dəfə uşaqlara psixoloji məşğələlər keçməlidirlər. Bu zaman sinif rəhbəri hər bir uşağın psixoloji durumunun hansı vəziyyətdə olduğunu biləcək, onun davranışında hansı dəyişikliklərin baş verdiyini müəyyənləşdirəcək", - Quliyev əlavə edib.
Millət vəkilinin fikrincə, yuxarı sinif şagirdlərinin orqanizmində gedən müəyyən endokrin, harmonal, eyni zamanda, yeni həyata qovuşmaqla bağlı psixoloji dəyişikliklər də bəzən sarsıntılara səbəb ola bilər. "Məsələn, oğlan bir qizi sevir və onunla normal münasibət qura bilmirsə, yaxud mənfi cavab alırsa, nəticədə özünə qəsd edir. Sinif yoldaşları arasında hansısa hərəkətinə görə bəyənilməyən, lağ obyektinə çevrilən məktəbli də intihar edə bilər. Ona görə məktəbin və ailənin üzərinə çox böyük funksiya düşür", - nevropotoloq həkim bildirib.