Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakı şəhərində "Bədbəxt hadisələrdən sığortalanma: inkişaf tarixi, islahatlar, mövcud problemlər" mövzusunda aprelin 28-29-da beynəlxalq texniki seminar işə başlayacaq.
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA), Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və Almaniyanın Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq toplantıda Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının, Dünya Bankının, Beynəlxalq Bədbəxt Hadisələr üzrə İdarə Heyətləri və Komissiyalar Assosiasiyasının rəhbər şəxsləri iştirak edəcəklər, - məlumatı çərşənbə axşamı DSMF-nin ictimaiyyətlə əlaqə sektoru yayıb.
Almaniya, Rusiya, Türkiyə, Qazaxıstan və bir sıra digər Avropa ölkələrinin də təmsil olunacağı ikigünlük beynəlxalq seminarda bədbəxt hadisələrdən sığortalanma sahəsində beynəlxalq təcrübədən söhbət açılacaq, bu sahədə cari problemlərə toxunulacaq. Eyni zamanda, demoqrafiyanın bədbəxt hadisələrdən sığortalanmaya təsiri, maşınqayırma, elektrik, tekstil və media sənayelərində bədbəxt hadisələrdən sığortalanma mövzularında məruzələr olunacaq.
İclasın acılışında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, BSTA rəsmiləri Coakim Bröyer, Bernd Treichel, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov çıxış edəcəklər.
Azərbaycan 2004-cü ildə BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib.