Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin cümə axşamı keçirilən iclasında 12 komandadan ibarət dörddövrəli çempionatın keçirilməsi ilə bağlı təkliflər səslənib. Bu barədə jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
"Müzakirələrdə həmçinin hazırkı "altılıq" formatından danışılıb. "Altılıq" formatının müsbət və mənfi tərəfləri qeyd olundu. Bu formatın müsbət tərəfi odur ki, çempionat gərgin keçir. Götürək, "Xəzər Lənkəran" - "İnter" matçını. Bu, bəlkə də mövsümün oyunu idi. Formatın mənfi tərəfi isə ikinci "altılıq"a marağın olmaması və ya az olmasıdır. İkinci "altılıq"ın oyunları televiziyada canlı nümayiş etdirilmir. İclasda bütün bunlar geniş müzakirə edilib", - Məmmədov deyib.
Məmmədovun sözlərinə görə, çempionatın formatı ilə bağlı hələlik yekun qərar verilməyib.
"Bununla bağlı son söz hazırkı çempionat bitəndən sonra veriləcək", - baş katib vurğulayıb.
Məmmədov növbəti çempionatda hazırda birinci liqada mübarizə aparan komandaların da iştirak etmək istədiklərini deyib.