...

Azərbaycanda Qarabağ Fondunun təşkilatçılığı "Mənim Şuşam" adlı sərgi keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2010 20:49 (UTC +04:00)
Azərbaycanda Qarabağ Fondunun təşkilatçılığı ilə "Mənim Şuşam" adlı fərdi sərginin açılış mərasimi keçirilib. Gənc rəssam Həlimə Ələsgərovanın əsərlərindən ibarət sərgidə Şuşanın tarixi yerləri, küçələri, tanınmış şəxsiyyətləri ilə bağlı rəsmlər nümayiş olunub.
Azərbaycanda Qarabağ Fondunun təşkilatçılığı "Mənim Şuşam" adlı sərgi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Qarabağ Fondunun təşkilatçılığı ilə "Mənim Şuşam" adlı fərdi sərginin açılış mərasimi keçirilib. Gənc rəssam Həlimə Ələsgərovanın əsərlərindən ibarət sərgidə Şuşanın tarixi yerləri, küçələri, tanınmış şəxsiyyətləri ilə bağlı rəsmlər nümayiş olunub. Gənc rəssamın 30-a qədər əsərinin nümayiş olunduğu sərginin oktyabrın 2-nə qədər keçirilməsi planlaşdırılır.

Sərginin açılışında çıxışı zamanı Qarabağ Fondunun Avropa və MDB ölkələri üzrə rəhbəri Tural Kərimov fondun yaxın zamanlarda planlaşdırılan layihələrindən danışıb. "Oktyabr ayında Qarabağ Fondu Qarabağ mətbəxinə dair kulinariya kitabının nəşrini planlaşdırır. Noyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə "Mənim Qarabağım" adlı sərginin keçirilməsi nəzərdə tutulur. Mart ayında isə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan mədəniyyəti ayının keçirilməsi planlaşdırılır. Bununla bağlı artıq Vaşinqton şəhər meriyasına müraciət etmişik", - Kərimov əlavə edib.

Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev öz çıxışında sərginin əhəmiyyətindən bəhs edib. O bildirib ki, Qarabağ Azərbaycanın ürəyidir.

"Qarabağ bizim tariximizdir, mədəniyyətimizdir. Qarabağ bizim milli davamızdır. Bu davada hər kəs öz səyini ortaya qoymalıdır. Həlimənin bu əsərləri bu istiqamətdə atılan mühüm addımdır. Bu addım ölkə daxili ilə kifayətlənməyəcək. Bu sərgi digər ölkələrdə də nümayiş olunacaq", - Babayev əlavə edib.

Millət vəkili Qənirə Paşayeva öz çıxışında qeyd edib ki, bu adi bir sərgi deyil. Bu, Azərbaycan gəncinin öz Vətəninə sevgisinin ifadəsidir.

"Vətəni bu cür sevən gənclərimizin daha da çox olmasını arzulayıram. Belə gəncliyimizin sayı nə qədər çox olarsa, o gənclər bizi Şuşaya daha tez aparacaq. Hər kəs öz yerində Vətəni üçün nəsə etməlidir. Torpaqlarımızın azad olunması yolunda hər kəsin edə biləcəyi bir iş var və o iş görülməlidir. Öz üzərinə düşən işi etdiyinə və Şuşanın cizgilərini belə gözəl canlandırdığına görə Həliməyə təşəkkür edirəm", - Paşayeva deyib.

O qeyd edib ki, Həlimənin Şuşanı bu cür sevməsində valideynlərinin böyük rolu var. Xanım Paşayeva buna görə gənc rəssamın valideynlərinə də təşəkkürünü bildirib. "İşğal bu gün də davam edir. Torpaqlarımız hələ də azad olunmayıb. Bu işlər torpaqlarımızın azad edilməsinə, işğalın bitməsinə yonələn işlərdir", - o vurğulayıb.

Millət vəkili deyib ki, bu gün erməni diasporu dünyada öz yalanlarını həqiqət kimi təqdim edir və bu sahədə müəyyən nailiyyət də əldə edə bilirlər. "Bu yalanların qarşısını almaq üçün bu cür sərgilər əhəmiyyətlidir. Bu cür sərgilər Azərbaycan həqiqətlərinin və Azərbaycan insanının potensialının xaricdəki insanlara çatdırılması üçün digər ölkələrdə də keçirilməlidir", - millət vəkili qeyd edib.

Qarabağ Fondu 2009-cu ilin noyabr ayında ABŞ-da yaradılıb və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna malikdir. Fondun əsas məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün Qarabağ Fondu müxtəlif sərgilər, kitabların nəşri, ictimai proqramlar, forumlar, mübadilə proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti