...

Azərbaycanda noyabrda ölkədən 801 əcnəbi çıxarılıb - Dövlət Miqrasiya Xidməti

Cəmiyyət Materials 7 Dekabr 2010 10:39 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən noyabr ayında ölkədən 801 əcnəbi çıxarılıb.
Azərbaycanda noyabrda ölkədən 801 əcnəbi çıxarılıb - Dövlət Miqrasiya Xidməti

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən noyabr ayında ölkədən 801 əcnəbi çıxarılıb.

DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olması, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

Tədbirlər nəticəsində 935 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

Onlardan 619 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 182 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.

16 nəfər əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmayıblar.

134 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Cari ilin noyabr ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4 min 974 müraciət daxil olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti