...

Azərbaycan Prezidenti Dövlət Rus Dram Teatrının yaradıcı heyətini təbrik edib

Cəmiyyət Materials 20 Dekabr 2010 19:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətini bu mədəniyyət ocağının 90 illik yubileyi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti Dövlət Rus Dram Teatrının yaradıcı heyətini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətini bu mədəniyyət ocağının 90 illik yubileyi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Sizi - Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətini və bütün işçilərini bu mədəniyyət ocağının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram. Teatrınız fəaliyyətə başladığı vaxtlardan etibarən respublikamızda teatr sənətinin inkişafı naminə mühüm xidmətlər göstərmişdir", - təbrikdə deyilir.

İlham Əliyev Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda dünya dramaturji irsinin gözəl nümunələrinin səhnə təcəssümü tapmasında Rus Dram Teatrının aktyorlarının böyük rolunu qeyd edib.

"Milli dramaturgiyamızın görkəmli simalarının həmişə ustalıqla canlandırdığınız əsərləri teatrsevərlər tərəfindən yüksək qiymətə layiq görülmüşdür. Siz uzun illər boyu rus teatrının zəngin ənənələrindən bəhrələnməklə Azərbaycan-rus mədəni əlaqələrinin möhkəmlənməsinə töhfələr vermisiniz.

Təqdirəlayiq haldır ki, teatrınız daim rəngarəng repertuarı ilə tamaşaçıların bir çox nəslinin hüsn-rəğbətini qazanmışdır. Teatrınızın salnaməsini təşkil edən parlaq səhifələr ayrı-ayrı illərdə burada çalışmış və ölkəmizin hüdudlarından kənarda da tanınmış istedadlı sənətkarların adları ilə sıx bağlıdır. İnanıram ki, yaradıcı heyətiniz öz ənənələrinə sadiq qalaraq bundan sonra da axtarışlarını müvəffəqiyyətlə davam etdirəcək və ölkəmizdə teatr sənətinin inkişafında bundan sonra da mühüm rol oynayacaqdır", - təbrikdə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti