Azərbaycanda səfərdə olan İran İslam Respublikasının (İİR) səhiyyə nazirinin müşaviri, Respublika Sağlamlıq-Xeyriyyə Birliyinin baş katibi Seyyid Rza Nəyyirinin rəhbərlik etdiyi nümayəndə heyəti şənbə günü Heydər Əliyev Fondu ilə tanış olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi və məqsədləri barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, bugünkü qüdrətli və zəngin Azərbaycan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ilə uğurla irəliləyir. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev azərbaycanlıların milli qürur və iftixar mənbəyinə çevrilmiş, xalqımızın ümummilli lideri adını qazanmışdır. Ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində ən şərəfli səhifələrdən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrəsidir.
Qonaqlar görkəmli siyasi xadimin Moskvada, keçmiş SSRİ-nin rəhbərlərindən biri olarkən fəaliyyətini əks etdirən fotolara, ötən əsrin nəhəng tikintilərindən olan Baykal-Amur dəmir yolu magistralının çəkilişinə uğurla rəhbərlik etdiyinə görə ona verilmiş xatirə medalına, ulu öndərin zəkasının bəhrəsi olan və indi onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketinə baxmışlar. Bu layihənin nəinki regionda, həm də bütün Avropada geosiyasi vəziyyətə böyük təsir göstərdiyi vurğulanmışdır.
Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, dövlətçilik fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər, dünyanın tanınmış siyasi xadimlərinin ona bəxş etdikləri hədiyyələr, bu dahi şəxsiyyət haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri qonaqlarda böyük maraq doğurmuşdur.
Məlumat verilmişdir ki, ulu öndərin xatirəsinə İstanbul, Ankara, Ceyhan, İğdır, Qars, habelə Buxarest, Daşkənd, Kiyev və Tbilisidə abidələr ucaldılmışdır.
Fondla tanışlıqdan sonra qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar.
Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.
Foto - www.azertag.com