Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan qanunvericiliyi şəxsiyyət vəsiqəsinin vaxtında dəyişdirilmədiyi halda vətəndaşın cərimələnməsini nəzərdə tutmayıb.
Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən Trend-ə bildirilib ki, vətəndaş 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir və bu zaman qanunla müəyyən edilən dövlət rüsumu ödənilməlidir.
Dövlət rüsumunun ödənilməsi barədə vətəndaşa qəbz verilməlidir.
16 yaşına çatmış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələri üç iş günü müddətinə verildikdə 5 manat, üç iş günündən sonrakı müddətdə verildikdə 1 manat dövlət rüsumu ödənilməlidir.
Vətəndaş 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə 2 manat dövlət rüsumu ödəməlidir.
Şəxsiyyət vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə, onun dəyişdirilməsinə görə 3 manat dövlət rüsumu müəyyən olunub.
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən
korlanmasına görə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 331-ci
maddəsinə əsasən on beş manatdan iyirmi beş manatadək miqdarda
cərimə edilir.
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən
dövlət rüsumu alınmır.