Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Əliyev/
Gənclər və İdman Nazirliyi Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə cümə günü "Mahir nişançı" turnirini keçirib. Trend-in məlumatına görə, beşinci ildir təşkil olunan turnirdə Bakı, Sumqayıt, Gəncə və Lənkərandan 23 ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yarış zamanı jurnalistlərə bildirib ki, nazirliktərəfindən hər il atıcılıq yarışı da daxil olmaqla, Xocalı faciəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Atıcılıq yarışının əhəmiyyətinə toxunan nazir qeyd edib ki, Ali Baş Komandanın səfərbərlik əmri olduğu təqdirdə, Azərbaycan tələbələri buna hazır olmalıdırlar.
2006-ci ildən etibarən keçirilən atıcılıq yarışının əsas məqsədi XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırım qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə edib, onlarda hərbi vərdişlərin yaranmasını təmin etməkdir. Bu səpkidən olan tədbirlər eyni zamanda gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərib, güllə atıcılığı idman növünün geniş təbliğ edilməsinə də şərait yaradır.
Yarış fevralın 25-də Bakıxanov qəsəbəsində yerləşən 1 saylı Texniki İdman Cəmiyyətinin həyətində baş tutub.
1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndində yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Onlardan bir çoxu əsirlikdən qayıtmayıb və sonrakı taleyi barədə hər hansı məlumat yoxdur.