...

Qaçqın və məcburi köçkün məktəblilərin valideynləri üçün maarifləndirmə kampaniyası başlayıb

Cəmiyyət Materials 1 Aprel 2011 15:18 (UTC +04:00)
Azərbaycanda qaçqın və məcburi köçkün məktəblilərin valideynləri üçün maarifləndirmə kampaniyası başlayıb.
Qaçqın və məcburi köçkün məktəblilərin valideynləri üçün maarifləndirmə kampaniyası başlayıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qaçqın və məcburi köçkün məktəblilərin valideynləri üçün maarifləndirmə kampaniyası başlayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova Trend-ə bildirib ki, kampaniya çərçivəsində valideynlər milli-mənəvi dəyərlərin qorunub saxlanması, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunması, valideyn-uşaq münasibətləri, müəllimlə valideyn arasında qarşılıqlı əlaqənin qurulması, ailədə yaranan problemlər və onların həlli yolları kimi aktual məsələlərlə bağlı məlumatlandırılacaqlar və bu istiqamətlərdə müzakirələr aparılacaq.

Kampaniyanın məqsədi uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, onlara sağlam həyat tərzinin aşılanması və məçburi köçkün və qaçqın ailələrinin problemlərinin öyrənilməsi və yerində araşdırılmasıdır.

Kampaniya ilk olaraq Ağdam rayonunun Bakıda yerləşən məktəblərində təhsil alan şagirdlərin valideynləri arasında aparılacaq.

Kampaniyaya bu gün start verildiyini deyən şöbə müdiri bildirib ki, ilk tədbir 149 saylı orta məktəbdə keçirilib. Növbəti tədbirlər 32, 36, 37 və 71 saylı orta məktəblərdə təşkil olunacaq və növbəlilik qaydasında digər rayonlardan olan qaçqın və məcburi köçkün məktəblərində də keçiriləcək.

Məmmədova bildirib ki, bu gün keçirilən tədbirdə psixoloq Elmira Mirzəyeva yuxarı sinif şagirdələrini və onların valideynlərini maraqlandıran sualları cavablandırıb. Suallar nikahın pozulması, uşaq-valideyn münasibətləri, valideyn-uşaq-məktəb münasibətləri, uşaqların tərbiyəsində valideynlər və məktəbin rolu ilə bağlı olub.

Psixoloq valideynlərə məsləhətlər verərək, uşaqların problemlərinə diqqətlə yanaşmalarını, onların hüquqlarına hörmət etmələrini tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti