...

Bakıda qanunsuz fəaliyyət göstərən totalizatorlar aşkarlanıb

Cəmiyyət Materials 16 Aprel 2011 13:58 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin müxtəlif yerlərində qanunsuz totalizator fəaliyyəti ilə məşğul olan ictimai-iaşə obyektlərində futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir.
Bakıda qanunsuz fəaliyyət göstərən totalizatorlar aşkarlanıb

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Vergilər Nazirliyinin əməkdaşları Bakının müxtəlif ərazilərində qanunsuz totalizator fəaliyyəti ilə məşğul olan obyektlər aşkarlayıblar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin müxtəlif yerlərində qanunsuz totalizator fəaliyyəti ilə məşğul olan ictimai-iaşə obyektlərində futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir.

Vergilər Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu qəbildən olan bəzi obyektlərin rəhbərləri dövriyyələrini, əldə etdikləri gəlirləri gizlədərək vergi orqanlarına təqdim etdikləri bəyannamələrdə təhrif olunmuş məlumatlar əks etdirirlər. Çayxana və ya kafe adı altında fəaliyyətlərini davam etdirən bir sıra totalizator kontorları isə müvafiq qaydada xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.

Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın müxtəlif yerlərində vergi nəzarəti tədbirləri həyata keçirilərkən fərdi sahibkarlar Məhəmməd Qəhrəman oğlu Əliyevə məxsus Səbail rayonu, Q.Abbasov küçəsi, 72 ünvanda yerləşən "NTV+" və Naib Xanbala oğlu Hüseynova məxsus Nəsimi rayonu, Cavadxan küçəsi, 17 ünvanda yerləşən "Qədim Bakı" obyektlərində, fiziki şəxslər Şahin Ələsgər oğlu Qafarova məxsus Yasamal rayonu, Z.Xəlilov küçəsi, 43 ünvanda, Anar Allahverdi oğlu Məmmədova məxsus Xətai rayonu, M.Rüstəmov küçəsi, 34 ünvanda yerləşən "Madrid", Elçin Davud oğlu Qənbərova məxsus Xətai rayonu, Gəncə prospekti, 73 ünvanda yerləşən "Zenit" obyektlərində bu şəxslərin qanunsuz fəaliyyətlərini təsdiq edən faktlar aşkar olunub. Vergi nəzarəti tədbirləri zamanı həmin obyektlərdən 1 ədəd noutbuk, 7 ədəd kompüter prosessoru, 294 manat nağd pul, qara mühasibatlıq sənədləri, müxtəlif firmalara məxsus 3 ədəd möhür və yüzlərlə vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən ödəniş qəbzləri və kuponlar maddi sübut kimi götürülüb.

Əvvəllər aşkar olunmuş qanunsuz totalizatorların sahiblərinə qarşı cinayət işləri başlanıb. Vergilər Nazirliyinin məlumatına görə, qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin aşkar edilməsi üçün nazirliyin əvvəllər apardığı tədbirlərdə aşkar olunan qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görülüb. "Bavariya" kafesinin sahibi Hacı Çərkəz oğlu Quliyevə qarşı isə 1 752 846 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanıb.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti