...

Azərbaycan Ombudsmanı Vyanada keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

Cəmiyyət Materials 18 Aprel 2011 22:51 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 14-15 aprel 2011-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində Milli İnsan Hüquqları Təsisatları: ombudsman, komissiyalar və digər mexanizmlər mövzusunda Əlavə İnsan Ölçüsü üzrə görüş keçirmişdir.
Azərbaycan Ombudsmanı Vyanada keçirilmiş beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu 14-15 aprel 2011-ci il tarixində Avstriyanın paytaxtı Vyana şəhərində Milli İnsan Hüquqları Təsisatları: ombudsman, komissiyalar və digər mexanizmlər mövzusunda Əlavə İnsan Ölçüsü üzrə görüş keçirmişdir. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında bildirilir.

Tədbir ATƏT regionunda Milli İnsan Hüquqları Təsisatlarının (MİHT) insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində rolu və vəzifələrinin müzakirəsinə həsr olunmuşdur.

Görüşdə müxtəlif ölkələrdə insan hüquqları sahəsində fəaliyyət göstərən təsisatların, vətəndaş cəmiyyətinin, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və ATƏT-in nümayəndələri iştirak etmiş, insan hüquqları üzrə milli təsisatların öz mandatlarını səmərəli həyata keçirməsi üzrə müsbət təcrübəsi və çətinlikləri barədə müzakirə və fikir mübadiləsi aparmışlar. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da bu görüşdə iştirak etmişdir.

MİHT-lərin hazırlıq iclasından sonra birinci iş günündə "Milli təsisatların insan hüquqlarının müdafiəsində və təbliğində rolu" mövzusunda ilk sessiya, ikinci iş günündə isə "Milli təsisatlar və dövlət qurumları", "Milli təsisatlar və vətəndaş cəmiyyəti" mövzularında sessiyalar keçirilmişdir.

Tədbirin birinci günündə E.Süleymanova "Milli İnsan Hüquqları Təsisatlarının insan hüquqlarının təmini və təşviqində rolu" mövzusunda çıxış etmişdir.

Ölkəmizdə Ombudsmanın fəaliyyəti, yeni təşəbbüsləri barədə ətraflı məlumat verilmiş, Müvəkkilin təklifləri nəticəsində insan hüquqları sahəsində milli qanunvericiliyə edilən dəyişiklikləri diqqətə çatdırılmışdır. E.Süleymanova habelə ombudsmanların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə tövsiyələr vermişdir.

Müvəkkil öz çıxışlarında vətəndaşların şikayətlərinin araşdırılması və pozulmuş hüquqlarının bərpasında dövlət strukturları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıqdan da danışmışdır.

Ölkəmizdə 4.000-dən çox QHT-nin fəaliyyət göstərdiyi, onların bir çoxu ilə əməkdaşlıq əlaqələrinin qurulduğu, bu qurumların inkişafı üzrə Dövlət Konsepsiyasının yaradıldığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkil olunduğu, respublikamızda insan hüquqlarının prioritet istiqamətləri üzrə bu təşkilatlara tender vasitəsilə qrantlar ayrıldığı diqqətə çatdırılmışdır.

Müvəkkil həmçinin öz çıxışında onun təşəbbüsü ilə ölkəmizdə 18 iyun tarixinin Milli İnsan Hüquqları Günü elan edildiyini, bu günlə bağlı aylıq aksiyaların keçirildiyini bildirmişdir. Ölkənin müxtəlif rayonlarında əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, insan hüquqlarının əsas istiqamətləri, beynəlxalq və milli qanunvericilik aktlarının təbliği üzrə geniş hüquqi maarifləndirmə işinin aparıldığı vurğulanmışdır. Hər il 18 iyun tarixində Müvəkkilin təşəbbüsü ilə Bakıda Ombudsmanların beynəlxalq konfranslarının keçirildiyi, insan hüquqlarının müxtəlif aspektlərinin müzakirə olunduğu, YUNESKO-nun dəstəyi ilə keçiriləcək növbəti konfransın isə mədəni hüquqların müdafiəsinə həsr ediləcəyi qeyd olunmuşdur.

Azərbaycan Ombudsmanı Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal edildiyini, insan hüquqlarının kütləvi surətdə, kobudcasına pozulmuş bir milyon azərbaycanlının öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini qeyd etmişdir. O, əhalinin digər qruplarının hüquqları ilə yanaşı, qaçqın və məcburi köçkünlərin də da hüquqlarının təmini və müdafiəsi ilə bağlı görülən işlər barədə danışmışdır.

Ölkədə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsində, monitorinq, dəyərləndirmə, əlaqələndirmə sahəsində Müvəkkilin rolu və fəaliyyəti, bununla bağlı İşçi qrupunun, QHT-lərin iştirakı ilə alt qrupların yaradıldığı, respublikanın 58 rayonunda yerli icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, QHT, KİV-lərin və icmaların nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılmışdır.

E.Süleymanova ötən ilin sonunda "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar layihənin Milli Məclisdə birinci oxunuşda qəbul edildiyini bildirmişdir.

Müvəkkilin əhalinin müxtəlif qruplarına xüsusi qayğı ilə yanaşması, həmçinin Ahılların Resurs Mərkəzi, Uşaq və Gənclərin Sülh Şəbəkəsini yaratması, bu qurumların müntəzəm fəaliyyət göstərməsi barədə məlumat verilmişdir.

Ombudsmanın insan hüquqlarının müdafiəsi və təbliği sahəsində dövlət strukturları və vətəndaş cəmiyyəti ilə əməkdaşlığının müxtəlif formaları diqqətə çatdırılmışdır, Müvəkkilin illik məruzələri, insan hüquqları sahəsində müxtəlif qanunların təkmilləşdirilməsi ilə bağlı təkliflər verməsi, deputatlar və onların köməkçiləri üçün insan hüquqlarının müxtəlif sahələrini əhatə edən təlimlərin təşkili, dövlət strukturları və QHT-lərin iştirakı ilə dəyirmi masa və konfransların keçirilməsi səmərəli təcrübə kimi qeyd olunmuşdur.

Eyni zamanda Müvəkkilin təklifləri də nəzərə alınmaqla MİHT-lərin səmərəli fəaliyyəti üçün iştirakçı dövlətlərə bir sıra tövsiyələr verilmişdir. Bu tövsiyələr milli insan hüquqları təsisatlarının Paris Prinsiplərinə müvafiq olaraq fəaliyyət göstərməsi, mandatlarının genişləndirilməsi ilə bağlı müddəaların yerli qanunvericilikdə təsbit edilməsi, dövlət büdcəsindən onlara uyğun ayrılmaların təmin edilməsi, bu təsisatların həm milli, həm də beynəlxalq səviyyədə fəaliyyəti mövzularını əhatə etmişdir.

E.Süleymanovanın konfransın mövzularına uyğun hazırladığı Bəyanat qeydə alınmış, iştirakçılara paylanmış və tədbirin İnternet səhifəsinə yerləşdirilməsi üçün qəbul olunmuşdur.

Xəbər lenti

Xəbər lenti