Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/
Bu il qaçqınlar üçün hündürmərtəbəli binaların tikintisinə başlanılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
"Hazırda Goranboy rayonunda 9 beşmərtəbəli binanın tikintisi gedir. Bu il həmin binalar təhvil veriləcək. Naftalan şəhərində qaçqınlar yaşayan sanatoriya binalarından artıq ikisi boşaldılıb, digərləri də boşaldılacaq. Naftalanda olan digər sanatoriya binalarını da şəhər icra hakimiyyətinə təhvil verəcəyik. Naftalan şəhərinin perspektiv tikinti planı var. Ona görə də, qaçqın və məcburi köçkünlərin oradan çıxarılmasına çalışırıq. Onlar yeni tikilmiş 5 mərtəbəli binalara köçürüləcəklər", - Həsənov deyib.
Baş nazirin müavininin sözlərinə görə, Mingəçevir şəhərində 9-10 mərtəbəli binanın tikintisi planlaşdırılır.
"Təəssüflər olsun ki, orada ayrılmış yerlər yararsız oldu. Özüllər qazılarkən həmin yerin 9 mərtəbəli bina üçün yararsız olduğu müəyyənləşdi. İndi Mingəçevir şəhərində bizə yeni yer ayrılıb. Həmin yerdə gələn həftədən etibarən tikinti işləri başlanacaq. Çalışacağıq ki, o binaları da bu il təhvil verək. Mingəçevir şəhərində bütün məktəblər boşaldılacaq. Mingəçevir yeganə şəhərdir ki, bütün məktəblərdə qaçqınlar yaşayır", - Komitə sədri deyib.
Həsənovun sözlərinə görə, məcburi köçkünlərin qanunsuz yaşadıqları mənzillərdən çıxarılması prosesinə başlanılıb.
"Yerli əhalini narahat edən məcburi köçkünlərin yerləşdikləri mənzillərdir. Həmin mənzillərin sayı 3000-ə yaxındır. Bu prosesə artıq başlamışıq. 20-yə qədər mənzildən məcburi köçkünlər çıxarılıblar və həmin mənzillər sahiblərinə təhvil verilib. Bu proses davam etdiriləcək. Hərbi hissələrdə də köçürmə prosesinə başlamağı planlaşdırırıq", - Dövlət Komitəsinin sədri qeyd edib.
Həsənov onu da bildirib ki, Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsindəki ikimərtəbəli evlər sökülərək, yerində yeni binalar tikiləcək.
"Həmin binalar vaxtilə Sumqayıtda şəhərsalma işləri aparan insanlar üçün müvəqqəti olaraq tikilmişdi. 50 ildən artıqdır ki, orada insanlar yaşayır. Binalar fiziki baxımdan tamamilə yararsız hala düşüblər. Sumqayıt şəhər İcra Hakimiyyəti təklif edir ki, həmin evlər sökülsün, yerində yeni binalar tikilsin. Həmin əraziyə baxmışıq. Bu məsələ ölkə rəhbərinə də məruzə olunub. Prezident də bu məsələyə razılıq verib. Hazırda məsələnin sənədləşməsi prosesi ilə Sumqayıt ŞİH məşğuldur. Həmin qəsəbə "Yeni Sumqayıt" adlandırılacaq", - Baş nazirin müavini deyib.