...

AMEA-nın Tarix İnstitutu orta məktəblər üçün tarix dərsliklərinin dəyişdirilməsinin tərəfdarıdır

Cəmiyyət Materials 6 May 2011 13:34 (UTC +04:00)
Azərbaycan tarixi ilə bağlı yeni tədqiqatlar və əldə edilmiş yeni bilgilər tarix dərsliklərinə salınmalıdır.
AMEA-nın Tarix İnstitutu orta məktəblər üçün tarix dərsliklərinin dəyişdirilməsinin tərəfdarıdır

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan tarixi ilə bağlı yeni tədqiqatlar və əldə edilmiş yeni bilgilər tarix dərsliklərinə salınmalıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, son dövrlərdə İrəvan xanlığının tarixinə dair fundamental araşdırmalar aparılıb.

"Bundan əlavə, Qarabağın tarixi haqqında araşdırmalar aparılıb və sübut olunub ki, ermənilər buranın aborigen əhalisi deyil. Onlar rus imperiyası Azərbaycanı işğal etdikdən sonra bu bölgələrə köçürülüblər. İrəvan xanlığının, Borçalının, Dərbəndin və Cənubi Azərbaycanın tarixi ilə bağlı mühüm sənədlər aşkarlanır və bu sənədlər də dərsliklərə daxil edilməlidir", - tarixçi bildirib.

O, qeyd edib ki, Azərbaycan hazırda informasiya müharibəsində Ermənistana qalib gəlir.

"Artıq onlar özlərini Cənubi Qafqazın ən qədim əhalisi hesab etmirlər. Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu günlərdə bildirib ki, Azərbaycan tarixçiləri guya, Ermənistan tarixini təhrif edirlər. Biz öz tariximizi araşdırıb ortaya qoyuruq, onlar bundan narahat olurlar", - Mahmudov vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti