...

Montana ştatının Dövlət Universitetinin tələbələri Azərbaycanın ümummilli lideri Heydər Əliyev adına mükafata layiq görülüblər (FOTO)

Cəmiyyət Materials 9 May 2011 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 may /Trend/

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun nümayəndələri Montana ştatının Dövlət Universitetinin tələbələrinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına illik mükafat təqdim ediblər.

Bu mükafat 2008-ci ildə Baş konsulluq tərəfindən Azərbaycanın və ümumilikdə Avrasiya regionunun öyrənilməsində fərqlənən amerikalı tələbələr üçün təsis edilib. Cari ildə mükafata Riçard Qauron, Laura Villeqas, Teylor Bezek və Daniel Bruks layiq görülüblər. Onların hər biri 2010-cu ildə Cənubi Qafqaz qaz kəməri marşrutunun kənarı ilə Azərbaycana, Gürcüstana və Türkiyəyə yay ekspedisiyasının iştirakçıları olublar. Ekspedisiya universitetin professoru, Qafqaz üzrə tanınmış ekspert Tomas Qoltsun təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilib.

Tələbələri uğurları münasibətilə təbrik edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov beynəlxalq akademik mübadilələrin və amerikalı tələbələrin atrıq iki ildən bəri professor Qoltsun rəhbərliyi altında Montana ştatının Dövlət Universitetində keçirilən Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının öyrənilməsi üzrə seminara artan marağının vacibliyini qeyd edib. Diplomat bildirib ki, ölkənin müstəqilliyinin bərpa olunmasının 20 illiyi və Heydər Əliyevin müstəqil və suveren Azərbaycanın yaradılmasındakı əsas rolu nəzərə alınaraq, tələbələrin mükafatlandırılması böyük önəm kəsb edir.

Ştata səfəri zamanı baş konsul Elin Süleymanov və vitse-konsul Ramil Qurbanov universitet rəhbərliyi və müəllim heyətilə də görüşüblər.

Montana Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun konsul dairəsinə daxil olan Amerikanın qərb ştatlarından biridir.

Xəbər lenti

Xəbər lenti