...

Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarında yenilik tətbiq ediləcək

Cəmiyyət Materials 11 May 2011 16:13 (UTC +04:00)
Təhsil Nazirliyi bu ildən orta məktəblərdə müəllimlərin işə qəbulu qaydalarında daha bir yenilik tətbiq edəcək.
Azərbaycanda müəllimlərin işə qəbulu qaydalarında yenilik tətbiq ediləcək

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi bu ildən orta məktəblərdə müəllimlərin işə qəbulu qaydalarında daha bir yenilik tətbiq edəcək.

Nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin baş məsləhətçisi Xəyyam Fərəcov çərşənbə günü Trend-ə bildirib ki, əvvəllər 8 ixtisas üzrə müəllimlərin işə qəbulu test imtahanı, qalan ixtisaslar üzrə isə yalnız müsahibə yolu ilə həyata keçirilirdi.

"Ötən il çağırışa qədərki hazırlıq, fiziki tərbiyə, əmək hazırlığı, rəsmxətt, musiqi ixtisasları üzrə müəllimlərin işə qəbulu müsahibə yolu ilə həyata keçirilirdi. Bu ixtisaslar üzrə vakant yerlərə qəbul olmaq istəyənlərlə müvafiq söhbət aparılırdı. Söhbətin nəticəsi olaraq, onlara vakant yerlər təqdim edilirdi. Bununla da onların müvafiq işlə təmin olunması məsələsi həll edilirdi. Amma bu ildən artıq bütün ixtisaslar üzrə işə qəbul imtahanla olacaq", - Fərəcov bildirib.

Nazirlik rəsmisi deyib ki, cari tədris ili başa çatdıqdan sonra bütün yerli təhsil idarəetmə orqanları 10 gün ərzində müvafiq vakant yerləri Təhsil Nazirliyinə təqdim edəcəklər. İyunun əvvəlində nazirliyin internet saytında və "Azərbaycan müəllimi" qəzetində nazirin əmri və işə qəbul forması yerləşdiriləcək. İyulun 1-də isə nazirliyin saytında vakant yerlərin siyahısı yerləşdiriləcək. Bu siyahı əsasında müəllim olmaq istəyən şəxslər işə qəbul üçün elektron ərizələrini təqdim edəcəklər.

Fərəcovun sözlərinə görə, 2011-2012-ci tədris ili üçün Azərbaycanın orta məktəblərinə işə qəbul məqsədilə 2000-ə qədər vakant yerin təqdim ediləcəyi gözlənilir. Vakansiyalar bütün ixtisaslar üzrə olacaq.

"Bakı şəhərində fiziki tərbiyə, informatika, gənclərin çağırışa qədərki hazırlığı fənləri üzrə müəllimlərə ehtiyacın olacağı gözlənilir. Daha çox vakant yerlər rayonlardakı orta məktəblərdə olur. Rayonlarda Azərbaycan dili və ədəbiyyatı, tarix, xarici dil, biologiya, fiziki, kimya, coğrafiya, riyaziyyat fənləri üzrə müəllimlərə tələbat duyulur", - Fərəcov deyib.

Nazirlik nümayəndəsi onu da xatırladıb ki, bu ildən həm də ali və orta ixtisas məktəblərinin məzunlarının təyinatlarla yerlərə göndərilməsi dayandırılacaq.

Xəbər lenti

Xəbər lenti