Azərbaycan, Bakı, 15 may /Trend, müxbir T.Hacıyev/
Türkiyə vətəndaşları Azərbaycanın qələbəsinə Türkiyənin qələbəsi kimi sevinirlər. Bu barədə bazar günü Trend-ə İzmirdə təshil alan azərbaycanlı tələbələr birliyinin sədri Cavid Əliyev bildirib.
"Bu Qələbə Türkiyə ictimaiyyəti tərəfindən sevinclə qarşılandı. Bu gün türk mətbuatını oxuduğum zaman Azərbaycanın qələbəsinə Türkiyənin qələbəsi kimi sevindiklərinin şahidi oldum. Son səhnədə Nigarın Türk bayrağı ilə səhnəyə çıxması Türkiyədə böyük əks-səda doğurdu." - Əliyev əlavə edib.
Onun sözlərinə görə, Türkiyənin internet foumlarında da müzakirələr başlanıb.
"Türk dostlarımız "Azərbaycanlılar bizi utandırdı" kimi fikirlər önə çəkilər. Bilirsiniz ki, bir müddət öncə Türkiyədə bayraqla bağlı böhran yaşanmışdı. Futbol oyunu zamanı Azərbaycan bayrağı stadiona buraxılmamamışdı. Forumda fikirlərini bölüşənlər "Biz Azərbaycan bayrağını stadiona ala bilmədik, ancaq Azərbaycan Avropanın ən möhtəşəm səhnəsinə Türk bayrağı ilə çıxdı. Bu bizi çox utandırdı" kimi fikirlər səslənir." - o qeyd edib.
Əliyev onu da bildirib ki, final mərhələsindən öncə Türkiyədə yaşayan azərbaycanlılar böyük təbliğat işlərinə başlamışdılar.
"Biz türk qardaşlarımızı Azərbaycana dəstək olmağa çağırırdıq. Türkiyənin final mərhələsinə keçə bilməməsindən sonra Türkiyədə deyilirdi ki, Azərbaycan bu müsabiqədə tək Azərbaycanı deyil, eyni zamanda Türkiyəni və bütün Türk dünyasının təmsil edəcək. Ona görə də Türkiyədə hamı qardaş ölkəyə dəstək olmağa çalışırdı." - o deyib.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi olub.
Almaniyanın Düsseldorf şəhərinin "Espirit Arena" stadionunda təşkil olunan mahnı müsabiqəsini ənənəyə uyğun olaraq yarışmanın ötən ilki qalibi Lena Mayer-Landrut ifası ilə açıb. Sonra səhnəyə "Avroviziya 2011" müsabiqəsində iştirak edən 43 ölkənin bayrağı ilə qızlar səhnəyə daxil olub.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").
Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutub.
Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.
Türkiyə vətəndaşları Azərbaycanın qələbəsinə öz qələbələri kimi sevinirlər
Türkiyə vətəndaşları Azərbaycanın qələbəsinə Türkiyənin qələbəsi kimi sevinirlər. Bu barədə bazar günü Trend-ə İzmirdə təshil alan azərbaycanlı tələbələr birliyinin sədri Cavid Əliyev bildirib.
