...

"Media hüququ" kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 16 May 2011 15:09 (UTC +04:00)
Trend-in məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil etdiyi qurumun səyi nəticəsində kitabın Azərbaycan dilinə tərcümə edildiyini deyib.
"Media hüququ" kitabının təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir K.Zərbalıyeva/

Mətbuat Şurası mayın 16-da Azərbaycan dilinə tərcümə olunmuş "Media hüququ" kitabının təqdimatını keçirib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov təmsil etdiyi qurumun səyi nəticəsində kitabın Azərbaycan dilinə tərcümə edildiyini deyib.

Amaşov bildirib ki, kitabda jurnalist məsuliyyəti, yeni media, məlumatın azad mübadiləsi və digər bölmələrdə yer alan fikirlər yeni nəsil jurnalistlər üçün təcrübə əhəmiyyətlidir.

Kitabın müəllifi, Minnesota Universitetinin professoru Ceyn Körtli jurnalist kimi fəaliyyətə başladığını, sonra isə hüquq dərəcəsi alaraq, vəkillik fəaliyyəti ilə məşğul olduğunu deyib.

O, sözügedən kitabda jurnalistlərə hüquqi yardım edilməsi, eyni zamanda, jurnalistin peşə fəaliyyətində rastlaşdığı bütün məqamlara toxunulduğunu deyib.

Müəllif nəşrdə dünya təcrübəsindən istifadə etdiyini bildirib.

Yeni, qeyri-ənənəvi medianın inkişafından danışan müəllif bildirib ki, qeyri-ənənəvi medianın inkişafı bəzi şəxsləri narahat edir. Onun fikrincə, media qanunvericiliyinin hazırlanmasında əsas çətin məqam bu yeniliyi nəzərə almaq olacaq.

Tədbirdə çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Azərbaycanda mətbuata yaradılan şəraitdən danışıb.

O qeyd edib ki, Azərbaycanda senzuranın ləğvi, Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması buna əyani sübutdur.

Müasir jurnalistikanın bir sıra problemləri olduğunu deyən Sadıqov bildirib ki, problemlərin başlıcası medianin maliyyə imkanlarının geniş olmamasıdır.

O, yeni medianın qanunvericilik bazasının yaradılmasının vacibliyini də qeyd edib.

Tədbirdə iştirak edən MŞ üzvləri, jurnalistlər və ictimai təşkilatların nümayəndələri mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Təqdimatda kitabın müəllifi Ceyn Körtliyə MŞ-nin diplomu təqdim olunub.

Xəbər lenti

Xəbər lenti