...

Bakıda 20-dək bağça müdiri barədə ciddi tədbirlər görüləcək

Cəmiyyət Materials 17 May 2011 17:51 (UTC +04:00)
Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki 20-dək məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi barədə ciddi tədbirlər görəcək.
Bakıda 20-dək bağça müdiri barədə ciddi tədbirlər görüləcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki 20-dək məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi barədə ciddi tədbirlər görəcək. Bunu Trend-ə BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.

Onun sözlərinə görə, bu gün təhsil naziri Misir Mərdanovun iştirakı ilə son 10 ayda BŞTİ-nin tabelyindəki məktəbəqədər təhsil müəssisələri ilə bağlı Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olmuş neqativ hallar müzakirə edilib.

İclasda nazir BŞTİ rəhbərliyinə neqativ halların baş verdiyi təsdiqlənmiş məktəbəqədər təhsil müəssisələrinin rəhbərliyi barədə ciddi tədbir görməyi tapşırıb.

Əliqızı deyib ki, "Qaynar xətt"ə 50 müəssisə barədə şikayət daxil olub.

Şikayətlərin 20-si təsdiqini tapıb. 20-yə yaxın müəssisədən daxil olmuş şikayətlər azyaşlıların məktəbəqədər təhsil müəssisələrinə qəbulu zamanı əsassız ödənişlərin tələb edilməsi, valideynlərdən müxtəlif məqsədlər üçün pulun yığılması ilə bağlı olub.

"Ən təəssüfedici hal oldur ki, valideynlərdən pul yığarkən həmin vəsaitin yuxarı orqanlara çatdırılacağını deyirlər. Amma nə BŞTİ, nə də Təhsil Nazirliyi belə qanunsuz hərəkətlərə yol verir. Valideynlərə də onlardan əsassız ödənişlər istəyən zaman dərhal "Qaynar xətt"ə məlumat vermələrini xahiş edirik", - Əliqızı deyib.

Xəbər lenti

Xəbər lenti