...

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunda dəyişikliklər edilib

Cəmiyyət Materials 17 May 2011 19:44 (UTC +04:00)
Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 12 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunda dəyişikliklər edilib

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 12 may 2011-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, həmin əmrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin artan iş yükü şəraitində işinin çevik təşkil olunması, səmərəli nəzarət mexanizminin yaradılması, idarənin qoşulması nəzərdə tutulan digər dövlət və qeyri-dövlət qurumlarının məlumat bazaları, informasiya sistemləri və reyestrlərindən lazımi məlumatların əldə edilməsi, bu məlumatların əldə olunmasına dair idarə əməkdaşlarından daxil olmuş müraciətlərin əsaslılığına nəzarət, mürəkkəb korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və müxtəlif sahələri əhatə edən çox epizodlu cinayət işlərinin istintaqı zamanı vaxt itkisinin qarşısının alınması, cinayət təqibinin tezliyinin təmin olunması üçün prokuror və müstəntiqlərə müvafiq qanunvericilik aktlarının axtarılıb tapılması və təmin olunmasında metodiki köməklik göstərilməsi məqsədilə Təşkilati və informasiya təminatı şöbəsi yaradılıb.

Həmçinin idarənin səlahiyyətləri çərçivəsində əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsi, korrupsiya cinayətləri törətmiş şəxslərin axtarışı, tutulması, korrupsiya cinayətlərinin istintaqı, habelə həmin işlərin məhkəmə baxışı zamanı cinayət prosesi iştirakçılarının təhlükəsizliyi və onlara qanunsuz təsirin qarşısının alınması və digər vəzifələrin həyata keçirilməsi məqsədi ilə Əməliyyat şöbəsi və bu fəaliyyətin həyata keçirilməsinin texniki cəhətdən təmin olunması məqsədi ilə Əməliyyat təminatı şöbəsi təsis edilib.

İnformasiya təminatı ilə əlaqədar işlərin yeni yaradılmış Təşkilati və informasiya təminatı şöbəsi tərəfindən həyata keçiriləcəyi, habelə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqlayıcı tədbirlərin xüsusi rolu və korrupsiya hüquqpozmaları üzrə ilkin araşdırmalar aparılması nəzərə alınaraq idarənin Analitik-informasiya şöbəsi ləğv edilməklə, onun bazasında Preventiv tədbirlər və təhqiqat şöbəsi yaradılıb.

Korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqının çoxsaylı istiqamətlər üzrə aparılması, müxtəlif peşə sahələri ilə əlaqədar icraatda olan ilkin araşdırma materialları, həmçinin cinayət işləri üzrə prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyələr verilməsi və bu sahədə yoxlamalar aparılması, eləcə də rəy tərtib edilməsi məqsədi ilə idarədə şöbə səlahiyyətli Mütəxəssislər qrupu yaradılıb.

Prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin, həmçinin korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və açılması, həmçinin cinayət işinin başlanmasını və istintaqın aparılmasını təmin etmək, idarədə iş yerlərinin və orada yerləşən texniki vasitələrin məlumat sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması və onların zərərsizləşdirilməsi məqsədi ilə tədbirlərin görülməsi və müasir şəraitdə digər fəaliyyət istiqamətlərinə uyğun olaraq idarənin Daxili təhqiqatlar şöbəsi ləğv edilərək onun bazasında Daxili Təhlükəsizlik Xidməti təsis edilib.

Xəbər lenti

Xəbər lenti