...

Azərbaycan ombudsmanı mirasda məcburi payla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib

Cəmiyyət Materials 19 May 2011 13:55 (UTC +04:00)
Azərbaycan ombudsmanı Elmira Süleymanova mirasda məcburi pay hüququnun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına xidmət etdiyindən narahatdır.
Azərbaycan ombudsmanı mirasda məcburi payla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı Elmira Süleymanova mirasda məcburi pay hüququnun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına xidmət etdiyindən narahatdır.

İnsan Hüquqları üzrə Müvəkkil Mülki Məcəllənin 1193-cü maddəsinin (mirasda məcburi pay) Konstitusiyanın 29-cu maddəsi ilə (mülkiyyət hüququ) ziddiyyət təşkil etdiyini əsas gətirərək, həmin maddənin şərh olunması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərib. Bu barədə Trend-ə Konstitusiya Məhkəməsindən məlumat verilib.

KM ombudsmanın sorğusuna iyunun 10-da keçiriləcək iclasında baxacaq.

Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Şəxsin mülkiyyət hüquqlarının Konstitusiya ilə qorunduğunu əsas gətirən ombudsman hesab edir ki, mirasda məcburi pay hüququnun tanınması ilə vəsiyyət etmə hüququ və vəsiyyət edənin mülkiyyət hüquqları əsassız olaraq məhdudlaşdırılıb.

2000-ci ilədək qüvvədə olan Mülki Məcəllədə yalnız həddi-buluğa çatmayan, əmək qabiliyyəti olmayan və himayədə olan vərəsələrin məcburi pay hüququ tanınırdı.

Ekspertlər köhnə qanunvericiliyin mövqeyini ədalətli hesab edir və bildirirlər ki, hər bir qanuni vərəsə üçün istənilən halda, vərəsəlik zamanı onlara çatası payın yarısı qədər olsa da, vərəsəlik hüququnun tanınması ədalətli yanaşma deyil.

Onlar məcburi pay institutunun ləğv edilməsini, ya da onun yeni modelinin hazırlanmasını təklif edirlər.

Xəbər lenti

Xəbər lenti