Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/
Ötən həftə yağan güclü yağışlar ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığının şərq hissəsində təhlükə yaradıb. Bunu bazar ertəsi Trend-ə Quba soyqırımı ekspedisiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev bildirib.
"Yağışlar məzarlığın şərq hissəsinin 1,5-2 metr sahəsini yuyub. Təcili tədbirlər görülməsəydi, məzarlıqdan əsər-əlamət qalmayacaqdı. Çox yaxşı haldır ki, yağışlar nəticəsində məzarlıqdakı sümüklərə xətər dəyməyib", - Ağayev deyib.
Ekspedisiya rəisinin sözlərinə görə, məzarlığın arxlarındakı sümüklərin 70 faizi - 7 minə yaxını çürüməmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən dərmanlanıb. Məzarlıqda quyudakı sümükləri götürmək mümkün olmadığından onların yerində dərmanlanması lazımdır, lakin bu iş indiyədək həyata keçirilməyib.
Hazırda istifadə edilən primitiv üsulla isə quyudakı sümükləri uzun müddət qorumaq mümkün deyil.
Ağayev deyib ki, Heydər Əliyev Fondunun nümayəndələri ötən həftənin sonunda məzarlığa baş çəkərkən sümüklərin bu həftə ərzində dərmanlanacağını, quyunun çatlamasının qarşısını almaq üçün tədbirlər görüləcəyini bildiriblər.
O əlavə edib ki, quyu artıq çatlayıb, onun içindəki sümüklər isə parçalanmağa başlayıb. Təcili tədbirlər görülməsə, məzarlıqdakı sonuncu quyu da dağılacaq.
Azərbaycan tarixi üçün çox əhəmiyyətli olan Quba məzarlığı 2007-ci il aprelin 1-də aşkarlanıb. Bu məzarlıq ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımının sübutudur.
Məzarlıqdakı ilk quyu baxımsızlıq üzündən 2007-2008-ci ildə uçub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin dekabrında Quba şəhərində Soyqırım Memorial Kompleksinin yaradılması haqqında imzaladığı sərəncama uyğun olaraq, hazırda bu kompleksin tikintisi aparılır.