...

Bu gündən orta ixtisas məktəblərinə 9 illik bazadan sənəd qəbulu başlayır

Cəmiyyət Materials 5 İyul 2011 10:39 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna başlayıb.
Bu gündən orta ixtisas məktəblərinə 9 illik bazadan sənəd qəbulu başlayır

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna başlayıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyulun 5-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Hər bir abituriyent eyni zamanda müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı və onu təsdiq etdirməzdən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçmə turda iştirak etməlidirlər. Seçmə turlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK-lər) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

Yoxlamanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər iyulun 5-dən iyulun 20-dək Seçmə Tura Qeydiyyat Komissiyasında qeydiyyatdan keçməli, iyulun 5-dən avqustun 5-dək YQYK-da seçmə turda iştirak etməlidirlər. Seçmə turda iştirak etdikdən sonra avqustun 10-dək müvafiq SQK-da ərizələrini təsdiq etdirməlidirlər. Yoxlamadan məqbul ala bilməyən abituriyentlər ərizələrində yalnız qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər.

Xəbər lenti

Xəbər lenti