...

Əli Həsənov: Azərbaycan jurnalistikasında çalışanlar peşəkar olmaqla yanaşı, vətənpərvər olmalıdırlar

Cəmiyyət Materials 18 İyul 2011 14:59 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri hesab edir ki, ölkədə mətbuat durulaşır.
Əli Həsənov: Azərbaycan jurnalistikasında çalışanlar peşəkar olmaqla yanaşı, vətənpərvər olmalıdırlar

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.Hüseynli/

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri hesab edir ki, ölkədə mətbuat durulaşır.

"Ölkədə mətbuat özü durulaşır. Bunun sırasında sözün həqiqi mənasında mətbuat ənənələrini, normalarını yaşadanlar, onu inkişaf etdirənlər, Azərbaycan cəmiyyətini informasiya ilə təmin edənlər ayrı-ayrı qeyri-sağlam məqsədlərlə mətbuata gələnlərdən seçilirlər. Yavaş-yavaş həqiqi mətbuat qeyri-həqiqi mətbuatla sərhəd saxlayır, bu da sözün həqiqi mənasında Azərbaycanda milli mətbuatın gələcəyi ilə bağlı optimist fikrə gəlməyə əsas verir", - bunu bazar ertəsi Trend-ə Milli Mətbuat Günü ərəfəsində verdiyi müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Son zamanlar mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılıb"

Həsənov hesab edir ki, son zamanlar mətbuatın inkişafı ilə bağlı dövlət mühüm addımlar atıb.

"Mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyası qəbul olunub. Buna müvafiq olaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Mətbuat işçilərinə dövlət qayğısı artırılıb. Mətbuatla bağlı ayrı-ayrı illərdə dövlət başçısının sərəncamları imzalanıb. Bütün bunlar bir tərəfdən mətbuata dövlət dəstəyinin göstəricisidir", - PA rəsmisi deyib.

Həsənovun sözlərinə görə, Azərbaycan cəmiyyətində də yavaş-yavaş medianın yaxşını pisdən seçməyi və yaxşı media nümunələrinə dəstək verilməsi, reklam, qəzetlərin alınması kimi sahələrdə mövcud irəliləyişlər müşahidə olunur.

"Bütün bunlardan çıxış edərək demək olar ki, bu gün Azərbaycanda medianın vəziyyəti gündən-günə yaxşılaşır, müstəqil media mövcuddur, söz, mətbuat və məlumat azadlığı bərqərar olunub. İstənilən jurnalist istənilən hadisə ilə bağlı, dövlət quruculuğu prosesləri, ayrı-ayrı məmurların fəaliyyəti, bu və digər sahələrin fəaliyyəti ilə bağlı sərbəst informasiya toplamaq, onu sərbəst təhlil etmək və sərbəst yaymaq imkanına malikdir", - Həsənov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, elektron informasiya vasitələri ilə bağlı da vəziyyət getdikcə yaxşılaşır.

"Son zamanlar Azərbaycanda teleradio fəaliyyəti ilə bağlı ciddi irəliləyişlər olub. Azərbaycanın həm mərkəzi, həm region televiziyaları, həm də digər elektron KİV-ləri, radiolar, internet televiziya və radioları, internet mediasının fəaliyyəti də getdikcə genişlənir. Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı ilə, öz informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur", - Həsənov bildirib.

"Azərbaycan jurnalistikasında çalışan insanlar peşəkar olduqları kimi də vətənpərvər olmalıdırlar"

Həsənov deyib ki, hər bir jurnalist jurnalist olması ilə yanaşı, həm də konkret ölkənin vətəndaşıdır, konkret ölkənin milli-mənəvi dəyərlərinin daşıyıcısıdır, konkret bir ölkənin maraqlarının müdafiəçisidir.

"Bu anlamda biz dəfələrlə bu fikri bildirmişik və indi də bu çağırışı edirik ki, Azərbaycan jurnalistləri unutmasınlar ki, onlar Azərbaycanı təmsil edirlər. Unutmasınlar ki, bu ölkənin maddi, mənəvi və sosial problemləri eyni zamanda onların özlərinə aiddir. Bu ölkənin təhlükəsizliyi ilə bağlı məsələlər bir vətəndaş kimi onların özünü və ailəsini də əhatə edir. Jurnalistlər söz və mətbuat azadlığı prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərdikləri zaman eyni zamanda vətənpərvərlik hissini unutmasınlar, ayrı-ayrı ölkələrin Azərbaycanla bağlı qaranlıq məqsədlərinə, qaranlıq fəaliyyətinə dəstək olmasınlar. Biz bu çağırışları etmişik. Keçid dövrü yaşayan ölkələrin əksəriyyətində bu hallar olur, eyni zamanda bizdə də olub və var, görünür ki, gələcəkdə də olacaq. Əsas odur ki, bu tendensiya təşkil etməməlidir, kütləvi şəkildə olmamalıdır. Azərbaycan jurnalistikasında çalışan insanlar peşəkar olduqları kimi də vətənpərvər olmalıdırlar, Vətəni, dövləti sevməlidirlər və onun təəssübünü çəkməlidirlər", - Həsənov əlavə edib.

"Azərbaycan cəmiyyəti reket jurnalistikanı qınağa çəkməlidir"

Həsənov hesab edir ki, cəmiyyət reketçiliklə, şər, böhtan, təhqirlə məşğul olan mətbuatı qınağa çəkməlidir.

"İlk növbədə, cəmiyyət həmin qəzetləri almamalıdır. Bu qəzetləri almaqdan, oxumaqdan imtina etməlidir. Təsəvvür edin ki, Azərbaycanda elə qəzetlər var ki, həftədə bir dəfə buraxılır və fəaliyyəti yalnız bu və ya digər insanları qaralamaq, onları təhqir etmək, onunla bağlı yalan, böhtan informasiyalar toplamaq, yazmaq və o insanı təhdid edərək bu və ya digər şeylərə məcbur etməkdir. Bunlara qəzet deməyə adamın dili də gəlmir. Bununla bağlı son zamanlar Mətbuat Şurası belə qəzetlərlə ciddi mübarizəyə başlayıb və doğru edir. Bu, ictimaiyyətin, cəmiyyətin tələbidir. Demək olar ki, Azərbaycanda çıxan son həftəlik mətbuatın 70-80 faizini ifşa ediblər. Xüsusən, onların reketliklə məşğul olan, ayrı-ayrı insanları təhdid edən, onları bu və ya digər şeyin müqabilində şərləyən, böhtan atan qəzetləri ifşa ediblər və bu siyahı da demək olar ki, bütün Azərbaycan ictimaiyyətinə çatıdırılıb. Belələri bundan sonra da olacaqsa, bunlara qarşı yenə də mübarizə aparılmalıdır. Təkrar qeyd edirəm, mətbuatın funksiyasını, jurnalistin peşəkarlığını, əxlaq kodeksini pozan bu tipli jurnalistlərə, mətbuat orqanlarına, qəzetlərə aramızda yer olmamalıdır", - Həsənov əlavə edib.

"Jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı işlər davam etdiriləcək"

Həsənov qeyd edib ki, Azərbaycanda jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı işlər davam etdiriləcək.

"Bu işlər davam etdirilir, bundan sonra da davam etdiriləcək. Bildiyiniz kimi, keçən il həm Fondun xətti ilə, həm də cənab Prezidentin bilavasitə sərəncamı ilə mətbuata birdəfəlik maddi yardım göstərildi. Onların maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə qrantlar ayrıldı. Mətbuat işçiləri üçün ev inşası başlayıb. Evə ehtiyacı olan, sosial müdafiəsini gücləndirmək məqsədi ilə mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət addım atır. Gələcəkdə də belə addımlar olacaq. Dövlət jurnalistlərin peşəkarlığını artırmaq, onların peşəkar fəaliyyətini inkişaf etdirmək sahəsində mühüm tədbirlər görür. Xüsusilə, jurnalistlərin təcrübələrinin artırılması, təhsili, onların bu və ya digər xarici dilə yiyələnməsi və s. istiqamətində işlər görülür. Qəzetlərin reklam fəaliyyətlərinin yaxşılaşdırılması istiqamətində dövlətin çağırışları var. Bu sahə üzrə müəyyən ideyalar var. Fikirləşirik ki, onların maddi vəziyyətlərini yaxşılaşdıraq", - PA rəsmisi deyib.

"Evlər Azərbaycan mediasında ən çox haqqı olanlara veriləcək"

Həsənovun sözlərinə görə, jurnalistlər üçün tikiləcək bina inşaata hazırdır, bütün sənədləri, inşaat pasportu və s. hazırdır və bu günlərdə onun inşasına başlanılacaq.

"O evlər Azərbaycan mediasında ən çox haqqı olanlara veriləcək. Ölkə başçısının tapşırığı bundan ibarətdir. Azərbaycan medasında ən çox haqqı olan insanlar neçə illərdir ki, fəaliyyət göstərirlər, neçə illərdir ki, sözün həqiqi mənasında jurnalistikanın inkişafı üçün lazımi işləri görüblər, birinci növbədə onlar və sonra ciddi ehtiyacı olanlar evlə təmin ediləcək", - PA rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti