...

Türkiyəli jurnalistlər Azərbaycandakı Türk şəhidliyini ziyarət ediblər

Cəmiyyət Materials 21 İyul 2011 11:06 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva və Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin - "Milliyet", "Hürriyet", "Habertürk", "Zaman", "Today zaman" və "Radikal" qəzetlərinin altı əməkdaşı Bakı-Şamaxı yolundakı Türk şəhidliyini ziyarət ediblər.
Türkiyəli jurnalistlər Azərbaycandakı Türk şəhidliyini ziyarət ediblər

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Millət vəkili Qənirə Paşayeva və Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin - "Milliyet", "Hürriyet", "Habertürk", "Zaman", "Today zaman" və "Radikal" qəzetlərinin altı əməkdaşı Bakı-Şamaxı yolundakı Türk şəhidliyini ziyarət ediblər.

Trend-in məlumatına görə, millət vəkili və türkiyəli qonaqlar Türk şəhidliyindəki qəbrin üstünə gül dəstəsi düzüblər.

Sonra türkiyəli qonaqlara Türk şəhidliyinin tarixi barədə məlumat verən millət vəkili bildirib ki, buradakı qəbir 1918-ci il hadisələri zamanı Azərbaycana gələn Qafqaz İslam Ordusunun minbaşısı (mayoru) və Azərbaycan torpağı uğrunda canını fəda etmiş İzzət Əfəndinin məzarıdır.

"1918-ci ildə Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən böyük qətliam - soyqırım həyata keçirilmişdir. O zaman Azərbaycan türklərinə dəstək məqsədilə qardaş Türkiyədən Qafqaz İslam Ordusu köməyə gəlmişdi. Həmin vaxt çoxlu sayda türk qardaşlarımız Azərbaycan uğrunda canlarını qurban vermişlər. Həmin şəhidlərdən biri də, qəbrini ziyarət etdiyimiz İzzət Əfəndidir", - Paşayeva əlavə edib.

Daha sonra Şamaxı rayon icra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Əşrəf Şükürov türkiyəli qonaqlara məlumat verərək bildirib ki, ötən əsrin 30-cu illərində Tağıyev soyadlı bir Şamaxı sakini bu qəbrin itib-batmaması üçün onun bərpa olunmasına cəhd göstərib. Bundan xəbər tutan o vaxtkı rayon rəhbərliyi həmin şəxsi ailəsi ilə birlikdə güllələtdirib.

"Daha sonra 50-ci illərin ortalarında başqa bir şamaxılı bu qəbrin bərpasına çalışır, ancaq ona da imkan verilmir. Digər bir maraqlı fakt isə odur ki, 70-ci illərin ortalarında Şamaxıda işləyən yüksək rütbəli bir nəfər erməni həmin qəbrin it-bat olması üçün yol xəttinin məhz həmin qəbrin yerləşdiyi ərazidən keşməsinə çalşır. Bundan xəbər tutan Azərbaycanın o vaxtkı dövlət rəhbəri mərhum Heydər Əliyev bu məkrli erməni planının qarşısını alır, həmin yol xəttinin qəbrin kənarından kecməsinə qərar verdirir", - Şükürov deyib.

Bundan sonra Türkiyəli jurnalistlər millət vəkilinin iştirakı və təşəbbüsü ilə Şamaxının Cümə məscidinə baş çəkiblər.

Millət vəkili Paşayeva məlumat verib ki, 1918-ci il qırğınları zamanı 4000 şamaxılı qətlə yetirilib, onların 1000 nəfəri Cümə məscidinə doldurularaq yandırılıb.

"Yanıq izləri hələ də məscidin divarlarında qalır", - o vurğulayıb.

Türkiyəli jurnalistlər eşitdiklərindən və gördüklərindən kədərləndiklərini və dəhşətə gəldiklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti