...

Azərbaycan televiziyalarında aparılan monitorinqin nəticələri açıqlanacaq

Cəmiyyət Materials 27 İyul 2011 16:31 (UTC +04:00)
Azərbaycan televiziyalarında ədəbi dilin normalarına riayət olunması istiqamətində aparılan monitorinqin nəticələri avqust ayında açıqlanacaq.
Azərbaycan televiziyalarında aparılan monitorinqin nəticələri açıqlanacaq

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan televiziyalarında ədəbi dilin normalarına riayət olunması istiqamətində aparılan monitorinqin nəticələri avqust ayında açıqlanacaq. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, MTRŞ və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu iki ay ərzində Azərbaycan televiziyalarında ədəbi dilin normalarına necə riayət olunmasını öyrənmək üçün monitorinq həyata keçirib.

Məhərrəmli qeyd edib ki, monitorinq televiziyaların xəbər proqramlarında, tok-şoularda aparılıb. Bundan əlavə, televiziyalarda dublyaj olunmuş filmlərin də monitorinqi aparılıb.

"Televiziyalarda dil qüsurları ilə bağlı nöqsanlar aşkarlansa da, bunlar ciddi nöqsanlar olmayıb. Bəzi şəxslərin danışığında nöqsanlar olub, lakin bu, həyəcan təbili çalınacaq vəziyyət deyil", - Məhərrəmli əlavə edib.

O deyib ki, televiziyalarda ədəbi dilin normalarına riayət olunması ilə bağlı müxtəlif insanlar tərəfindən müxtəlif fikirlər səslənir ki, bunların da hamısı fərdi yanaşmadır.

"Ona görə də biz bu monitorinqi Dilçilik İnstitutunun əməkdaşları ilə birlikdə apardıq ki, fərdi düşüncələr deyil, elmi yanaşma önə çəkilsin", - Məhərrəmli vurğulayıb.

Şura sədri aşkar edilən nöqsanlar barədə də söz açıb. O bildirib ki, əsas nöqsanlar ləhcələrlə bağlı problemlər, ayrı-ayrı insanların danışığında rus və ya türk sözlərindən istifadə edilərək cümlələrin qurulması olub.

"Cümlənin qurulması zamanı sözlərin bir hissəsi rus dilində, bir hissəsi Anadolu türkcəsində, bir hissəsi isə Azərbaycan dilində olub. Üç dildən istifadə etməklə cümlə quran insanlar var", - MTRŞ sədri deyib və əlavə edib ki, qeyd olunan nöqsanlar əsasən televiziyaya qonaq qismində dəvət olunan insanların nitqində qeydə alınıb.

"Mən hesab edirəm ki, televiziya kanallarının rəhbərliyi də, əməkdaşları da bu cür hallara müdaxilə etməlidirlər və Azərbaycan ədəbi dilinin qorunması üçün bilavasitə çalışmalıdırlar. Televiziya cəmiyyətə təsir edən əsas kütləvi informasiya vasitəsidir, orada Azərbaycan ədəbi dilinin qorunması, inkişaf etdirilməsi televiziya kanallarının rəhbərlərinin üzərinə düşən məsuliyyətdir", - Məhərrəmli deyib.

Xəbər lenti

Xəbər lenti