...

Beynəlxalq ekspertlər Ermənistanda tikiləcək yeni AES-in ətraf mühitə təsirini öyrənəcəklər

Cəmiyyət Materials 5 Avqust 2011 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/

Ermənistanda tikilməsi nəzərdə tutulan yeni atom elektrik stansiyasının ətraf mühitə təsiri beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək. Bu barədə cümə günü Trend-ə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Azərbaycandakı nümayəndəsi, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib.

Onun sözlərinə görə, qiymətləndirmənin bu ilin payız aylarında aparılacağı gözlənilir. Qiymətləndirmədə BAEA-nın ekspertləri ilə yanaşı, bu sahə üzrə ixtisaslaşan elmi şirkətlərin nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.

Azərbaycan Ermənistanla bağlı heç bir ekspertiza və monitorinqə qatılmadığı üçün qiymətləndirmədə də iştirak etməyəcək.

Qiymətləndirmənin yekununda stansiyanın ətraf mühitə təsiri ilə bağlı sənəd hazırlanacaq. Həmin sənəd bütün qonşu ölkələrə, eləcə də BAEA-ya təqdim ediləcək.

"Ermənistan stansiyanın fəaliyyəti üçün suyu haradan götürəcək və istifadə olunan suyu haraya buraxacaq? Bütün bunların hamısını ekspertlər yerində qiymətləndirəcəklər. Biz təklif vermişik ki, stansiyanın yalnız normal vəziyyətdə deyil, qəza rejimində də iş fəaliyyətinin necə olacağı nəzərə alınsın. Bütün bu məsələlərə baxıldıqdan sonra nəticələr sənədləşdiriləcək", - Qəribov qeyd edib.

Qiymətləndirmənin nəticələrindən asılı olaraq, stansiyanın fəaliyyəti ilə bağlı hansı dəyişikliklərin baş verə biləcəyinə gəldikdə, Qəribov deyib ki, qiymətləndirmənin aparılması formal prosesdir. Əslində, qiymətləndirmə nəticəsində stansiyanın fəaliyyəti ilə bağlı hər hansı dəyişikliyin baş verəcəyi də gözlənilmir.

"Dövlət bu stansiyanı tikəcəyini bəyan edib. Amma qiymətləndirmə bizə lazımdır. Biz bilməliyik ki, Ermənistan stansiyanın işləməyi üçün suyu haradan əldə edəcək. Onlar yəqin ki, Araz çayından istifadə edəcəklər. Ona görə də biz bəzi məsələləri - Ermənistanın bu çaydan nə qədər su götürəcəyi və onu işlətdikdən sonra hansı temperaturda çaya qaytaracağı ilə bağlı məlumatları bilməkdə maraqlıyıq. Çünki reaktorlarda istifadə edilən bu tip soyuducu sular birinci korpusda radioaktiv olur. Onlar heç yerə verilmir, daimi olaraq, sirkulyasiya edilir. İkinci korpusda isə istənilən su istifadə oluna bilər, çünki onun qorxusu yoxdur", - institut direktoru əlavə edib.

Qəribovun sözlərinə görə, Ermənistan stansiyanın istismarı zamanı bəyan etdikləri təkmil texnologiyalardan istifadə etsə, istifadə edilmiş suyun yenidən Araz çayına axıdılması Azərbaycan üçün təhlükə yaratmayacaq.

"Amma bununla belə, biz bu məsələləri əvvəlcədən bilməkdə maraqlıyıq. Azərbaycan özünə lazım olan beynəlxalq sənədləri almalıdır. Bunlar qiymətləndirmə və reaktorun işləyə bilməsinə təminat verən sənədlər olmalıdır", - direktor bildirib.

Ermənistan "Metsamor" AES-dən güclü olacaq yeni AES tikməyi planlaşdırır. Layihənin təxminən 1 milyard dollara başa gələcəyi güman edilir.

Xəbər lenti

Xəbər lenti