...

Azərbaycanda daha çox tələbat duyulan peşələrin adları açıqlanıb

Cəmiyyət Materials 5 Avqust 2011 16:44 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədə iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrinin adlarını açıqlayıb.
Azərbaycanda daha çox tələbat duyulan peşələrin adları açıqlanıb

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədə iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrinin adlarını açıqlayıb.

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycanda xidmət, ticarət və ictimai iaşə, bədii və zərgərlik məmulatları istehsalı, mühasib-fərdi kompüter operatoru, əməliyyatçı mühasib, aşbaz-qənnadçı, şirniyyatçı və digər sahələr iqtisadiyyatın daha çox tələbat olan istiqamət və peşələrindəndir. Kənd təsərrüfatı sahəsi üzrə geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü, meliorasiya işləri üzrə traktorçu, avtomobil, kənd təsərrüfatı maşın və avadanlığının təmiri üzrə çilingər peşələrinə də böyük ehtiyac duyulur.

İqtisadiyyatın bütün sahələri üçün ümumi olan elektrik-qaz qaynaqçısı, elektrik avadanlığının təmiri və xidməti üzrə montyor və s. də ehtiyac duyulan peşələrin sırasına aid edilir.

Nazirlikdən bildirilib ki, 2011-2012-ci tədris ili üçün Azərbaycanın peşə-ixtisas təhsili müəssisələrinin qəbul planı müəyyənləşdirilərkən Azərbaycanda bazar iqtisadiyyatının tələbatı, bu tələbata uyğun olaraq, dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişləri və ictimaiyyətin ilk peşə-ixtisas təhsilinə dair arzuları nəzərə alınıb.

Cari ildə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə ümumilikdə 99 peşə üzrə 16 570 nəfərin qəbul ediləcəyi planlaşdırılıb. Onlardan 14 190 nəfərin dövlət vəsaiti hesabına, 2380 nəfərin isə ödənişli əsaslarla təhsil alacağı nəzərdə tutulur.

Yeni tədris ili üçün peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu məqsədilə avqustun 1-dən aparılmağa başlanılan sənəd qəbulu sentyabrın 1-dək davam edəcək. Şagirdlərin seçim prosesi isə sentyabrın 1-dən 10-dək həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti