Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, sentyabrın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və gilavar küləyinin üstünlüyü, sentyabrın 10-da atmosfer təzyiqinin kəskin yüksəlməsi və günün ikinci yarısından xəzri küləyinin güclənməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.
Sentyabrın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 28-33, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.