Azərbaycan, Bakı, 12 sentyabr /Trend/
YUNESKO-nun baş direktoru İrina Bokova təşkilatın xoşməramlı səfirlərinin bu gün Parisdə açılan XI görüşündə şəxsən YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və onun rəhbərlik etdiyi Heydər Əliyev Fonduna Haitidəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün göstərdiyi maddi yardıma görə təşəkkür edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər verir.
Haiti adasında 2010-cu il yanvarın 12-də güclü zəlzələ baş verib. 2010-cu il martın 18-nə olan rəsmi məlumata görə, ölələrin sayı 222 570, yaralananlar - 331000 və itkin düşənlər 869 nəfər olub.
Görüş iştirakçıları münaqişə zonalarındakı vəziyyəti və təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması yollarını müzakirə ediblər.
Bokova YUNESKO ideallarının dünyada yayılmasındakı töhfələrinə görə səfirlərə təşəkkür edib.
"Çox şey artıq əldə olunub, lakin hələ çox şey edilməlidir", - o deyib.
Baş direktorun sözlərinə görə, hazırkı görüş "hadisələrlə zəngin olan bir ildə keçirilir". İlk növbədə, Bokova iqtisadi böhranın insanların həyatına təsirini vurğulayıb, həmçinin ərəb Şərqində baş verən vacib geosiyasi dəyişiklikləri xatırladıb. O, bu müstəvidə regionda demokratik dəyişikliklərin mühərriki olan gənclərin roluna, cinslərin bərabərliyi və qadının cəmiyyətdəki mövqeyinə xüsusi diqqət çəkib.
Görüş iştirakçılarına planetin münaqişəli zonalarında - Pakistan, İraq və Əfqanıstandakı vəziyyətə dair hesabatlar təqdim olunub. Eyni zamanda, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və ziyan çəkmiş regionlara dəstək vermək mövzusuna da toxunulub. Həmçinin, "Afrika buynuzu" ölkələrindəki quraqlıq səfirlərin xüsusi reaksiyasına səbəb olub.
Öz növbəsində xoşməramlı səfir Jan-Mişel Jarr söz alaraq, qeyd edib ki, dünya problemləri daimi diqqət və səy tələb edir. "Böhranlarda insanlar emosional olur, ancaq bir neçə aydan sonra bu və ya digər fəlakəti unudurlar. Səylər fasiləsiz olmalıdır", - fransız musiqiçi bildirib.
Görüş əsnasında Bokova təşkilatın yeni xoşməramlı səfirlərini də salamlayıb. Onlar arasında məşhur caz ifaçısı Herbi Henkok, amerikalı aktyor və rejissor Forest Uitaker də var.
Təşkilatın xoşməramlı səfirləri qrupu hazırda elm və ictimai həyatın müxtəlif sahələrində 40-a yaxın nümayəndəni əhatə edir. Onlar arasında YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva, fransız astronavt Patrik Bodri, Ümumdünya Rus Mətbuatı Assosiasiyası prezidenti, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, Asiya Fondunun prezidenti, Hindistan Yazıçısı Madanjit Sinqh, "Nobel" sülh mükafatı laureatı Nelson Mandela və başqa məşhur ictimai xadimlər var.
Bokovanın qeyd etdiyi kimi, xoşməramlı səfirlərin illik görüşü çox vacibdir və məhz buna görə də bu iclaslar YUNESKO-nun oktyabrın sonunda Parisdə açılacaq təşkilatın Baş konfransının növbəti sessiyası ərəfəsində keçirilir.
Fotoşəkillər - AzərTAc