...

Ombudsman Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş konfrans keçirib

Cəmiyyət Materials 16 Oktyabr 2011 02:44 (UTC +04:00)
Ombudsman Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş konfrans keçirib
Ombudsman Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş konfrans keçirib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycanın tarix salnaməsinə 18 Oktyabr Günü xalqımızın milli azadlığını, müstəqilliyini əldə etdiyi mühüm hadisə kimi daxil olaraq, sürətli iqtisadi yüksəlişin, insan hüquqlarının müdafiəsi və təmini sahəsində inkişafın başlanğıcı olmuşdur. Ombudsman Aparatının mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, bu fikirlər Ombudsman Elmira Süleymanovanın respublikamızın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə keçirdiyi "Müstəqil Azərbaycanda insan hüquqları: qanunvericilik bazası və icra mexanizmləri" mövzusunda konfransda səslənib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay, Milli Məclisin deputatları, dövlət orqanlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV təmsilçiləri iştirak etmişlər.

İnsan Hüquqları üzrə Müvəkkil bu əlamətdar bayram münasibətilə iştirakçıları təbrik etmiş, xoş arzularını bildirmişdir. O, zəngin dövlətçilik ənənələri olmuş Azərbaycan xalqının artıq iyirmi ildir ki, öz müstəqilliyini bərpa etdiyini, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini vurğulamışdır.

Ombudsman 1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edildiyini, bu aktın müstəqil respublikamızın dövlət quruluşu, siyasəti və iqtisadi inkişafının əsaslarını müəyyən etdiyini söyləmişdir. O, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin dövlət müstəqilliyini ən böyük tarixi nailiyyət hesab etdiyini, bu müstəqilliyin əbədi, daimi və dönməz olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, ulu öndərin layiqli varisi olan ölkə Prezidenti İlham Əliyevin müstəqil Azərbaycanın dövlətçiliyinin daha da möhkəmlənməsi naminə davam etdirdiyi məqsədyönlü inkişaf siyasəti nəticəsində respublikamız daha da qüdrətlənmiş, insan hüquq və azadlıqları sahəsində mühüm irəliləyişlər əldə olunmuşdur. Dövlət müstəqilliyinin 20-ci ildönümünün dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə ölkə Prezidentinin müvafiq Sərəncam imzaladığı, Tədbirlər Planının təsdiq edildiyi bildirilmişdir.

E.Süleymanova insan hüquqlarının həyata keçirilməsinin müstəqillik mühitində gerçəkləşməsinin mümkünlüyünü və imkanlarını qeyd etmişdir. Müstəqilliyin ilk illərində imzalanan "Əsrin müqaviləsi"nin Azərbaycanın neft strategiyasının reallaşması üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlamasının ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası yolunda mühüm addımlar olduğu vurğulanmışdır.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Konstitusiyası layihəsinin hazırlanaraq 1995-ci il 12 noyabr tarixində Ümumxalq səsverməsi (Referendum) yolu ilə qəbul olunduğu bildirilmişdir. Qeyd edilmişdir ki, Konstitusiyada insan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizdə demokratik, hüquqi islahatların həyata keçirilməsinə başlanıldığını və insan hüquqlarının səmərəli təmini məqsədilə institusional mexanizmlərin təsis edildiyini vurğulamışdır. O, insan hüquqları konsepsiyasının ümummili liderimiz Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutduğunu, bu konsepsiyanın ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir.

28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbul edildiyi, bunun məntiqi davamı kimi, Ombudsman təsisatının yaradıldığı və insan hüquqları sahəsində təqdirəlayiq fəaliyyət göstərdiyi qeyd olunmuşdur.Şöbə müdiri müstəqillik illərində ölkəmizin ağır sınaqlardan şərəflə çıxdığını, respublikamızda ardıcıl olaraq hüquqi islahatların həyata keçirildiyini, korrupsiyaya, insan alverinə qarşı mübarizə istiqamətində mühüm iş aparıldığını vurğulamışdır.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova bu tədbirin əlamətdar bir tarixlə bağlı olduğunu, xalqımızın öz müstəqilliyinin və azadlığının dəyərini yaxşı bildiyini, gələcək nəsillərin müstəqil Azərbaycan dövlətini yaradanların nəcib əməllərini daim xatırlayacaqlarını diqqətə çatdırmışdır. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkəmizdə intibah yarandığı, bütün istiqamətlərdə, o cümlədən insan hüquqlarının müdafiəsi və təmini sahəsində mühüm irəliləyişə nail olunduğu vurğulanmışdır.Millət vəkili Ombudsmanın parlamentlə, o cümlədən İnsan Hüquqları Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələrini diqqətə çatdırmışdır.

ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Azərbaycanın dövlət müstəqilliyinin bərpasının əlamətdar yubileyinə həsr edilmiş tədbirin təşkilinə görə Müvəkkilə təşəkkürünü bildirmiş, təmsil etdiyi qurumun Ombudsman təsisatı ilə insan hüquqları sahəsində səmərəli əməkdaşlığı davam etdiriləcəyini söyləmişdir.

E.Süleymanova Ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətin əsas məqsəd və məramının bütünlüklə insan hüquqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətin və buna uyğun insan hüquqları sisteminin yaradılmasına yönəldiyini önə çəkmişdir. "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa Müvəkkilin milli preventiv mexanizm kimi fəaliyyətinin tənzimlənməsi, eyni zamanda "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə əlavə və dəyişikliklər edildiyi bildirilmişdir.

İnsan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən islahatların davamı olaraq, ölkə Prezidentinin müvafiq Sərəncamı ilə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təsdiq edildiyi və uğurla icra olunduğu, ölkənin 58 rayon və şəhərini əhatə etməklə Müvəkkil tərəfindən ictimai dinləmələrin keçirildiyi qeyd olunmuşdur. Konfrans iştirakçılarına MFP-nin tətbiqinin dördüncü ilinin nəticələri üzrə Ombudsman təsisatında hazırlanmış hüquqi nəşr təqdim olunmuşdur.

Konstitusiya Məhkəməsinin hakimi K.Şəfiyev "Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində Ombudsmanla əməkdaşlığı", Daxili İşlər nazirinin müavini O.Zalov "Daxili İşlər orqanlarının insan hüquqlarının müdafiəsi üzrə fəaliyyəti", Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İ.Rəhimov " Sosial islahatlar insan hüquqlarının təmininə xidmət edir", Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi K.Əliyev "İnsan hüquqlarının təminində və korrupsiyaya qarşı mübarizədə prokurorluq orqanlarının rolu", Ədliyyə Nazirliyinin məsul əməkdaşı S.Kazımov "Müstəqil Azərbaycanda məhkəmə-hüquq islahatları", İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi S.Məmmədov "Dövlət proqramları və davamlı inkişafın təmin olunması", Milli QHT Forumunun prezidenti R.Zeyni "İnsan hüquqlarının təbliğində QHT-lərin rolu" mövzularında məruzələr etmişlər.

Konfrans müzakirələr və fikir mübadiləsi şəraitində başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti