Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə YUNESKO təşkilatının Baş Konfransının 36-cı sessiyasının birinci iclasında Baş Konfransın rəhbər komitələri və komissiyalarının formalaşdırılması baş tutub. Azərbaycan Səlahiyyətlərin Yoxlanılması üzrə Komitənin tərkibinə seçilib.
Trend-in məlumatına görə, YUNESKO Baş Konfransının bu gün açılan 36-cı sessiyası çərçivəsində həmçinin Fələstinin bərabərhüquqlu üzv kimi təşkilatın tərkibinə seçilməsi barədə qərar qəbul edilməlidir. YUNESKO Katibliyinin məlumatına görə, bu məsələnin baxılması oktyabrın 27-də gözlənilir.
Bugünkü iclasda ada dövlətlər Kurasao və Sen-Marten assosiativ iştirakçılar qismində YUNESKO-nun tərkibinə qəbul edilib. Bu barədə qərar bugünkü iclasda yekdilliklə qəbul edilib.
"Kurasao və Sen-Martenin assosiativ iştirakçılar qismində təşkilatın sıralarına qatılması ilə üzv dövlətlərin sayı ilk dəfə olaraq 201-ə çatıb. Bu, YUNESKO-nu BMT-də ən böyük təşkilata çevirir", - Baş Konfransın rəhbəri, Baham adalarının nümayəndəsi Devid Hepbern bildirib.