...

Bakıda Türkdilli ölkələrin və toplumların II Media Forumu keçiriləcək

Cəmiyyət Materials 27 Oktyabr 2011 11:28 (UTC +04:00)
Bakıda oktyabrın 28-də Türkdilli ölkələrin və toplumların II Media Forumu öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Mətbuat Şurasından bildirilib.
Bakıda Türkdilli ölkələrin və toplumların II Media Forumu keçiriləcək

Azərbaycan, Bakı, 27 oktyabr / Trend müxbir M.Əliyev/

Bakıda oktyabrın 28-də Türkdilli ölkələrin və toplumların II Media Forumu öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Mətbuat Şurasından bildirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Azərbaycanın dövlət siyasəti və media: türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər" mövzusunda çıxış edəcək.

Üç iclasdan ibarət olacaq toplantının ikinci hissəsi panel iclaslar şəklində təşkil olunacaq. Birinci iclasda iştirakçı ölkələrin və toplumların nümayəndələri təmsil etdikləri bölgələrdə fəaliyyət göstərən media qurumlarının vəziyyəti barədə məlumat verəcəklər.

Forumun ikinci iclasında iki panel mövzu ətrafında müzakirələr aparılacaq. Bunlardan birincisi "Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada birləşdirici faktor kimi" mövzusudur. Digər iclas isə sosial medianın türkdilli xalqlar yaşayan bölgələrdəki vəziyyəti ilə bağlı olacaq. Forumun üçüncü iclası ötən ilin dekabrında Ankarada Türkdilli ölkələrin və toplumların I Media Forumunda yaradılmış Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin qarşıda duran vəzifələri müəyyənləşdirəcək.

Tədbirin təşkilatçıları Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.

Foruma Azərbaycanla yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Türkmənistandan, Şimali Kipr Türk Cumhuriyyətindən, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin kompakt məskunlaşdığı bölgələrdən - Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, İraqdan, Kosovadan nümayəndələr qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti