...

Kamran Əliyev: Qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə tədbirlərinin kəsəri daha da artacaqdır (MÜSAHİBƏ)

Cəmiyyət Materials 27 Oktyabr 2011 20:25 (UTC +04:00)
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin Trend-ə müsahibəsi
Kamran Əliyev: Qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə tədbirlərinin kəsəri daha da artacaqdır (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevin Trend-ə müsahibəsi

- Milli Məclisin 24 oktyabr 2011-ci il tarixli iclasında "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarına dəyişiklik edilməsi barədə qanun qəbul edilmişdir. Bəzi kütləvi informasiya vasitələri prokurorluq orqanlarına əməliyat-axtarış səlahiyyətlərinin verilməsini korrupsiya maraqlarından irəli gəldiyini iddia edirlər. Bu fikirlərə münasibət bildirməyinizi istərdik.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizə məsələləri dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyənləşdirilmişdir. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində aparılan qanunverici və praktiki tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri heç də bəzi mətbuat səhifələrində göstərildiyi kimi 24 oktyabr 2011-ci il tarixli dəyişikliklərlə deyil, 18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əməliyyat axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara edilmiş əlavə və dəyişikliklərə əsasən verilmişdir.

Eyni zamanda, sözügedən dəyişikliklərə əsasən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti bütövlükdə Azərbaycan Respublikasının Prokurorluğuna deyil, yalnız korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə həvalə edilmişdir.

Qeyd olunmalıdır ki, ixtisaslaşmış antikorrupsiya qurumu olan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinə əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətlərinin verilməsi, ilk növbədə, korrupsiya cinayətlərinin aşkar edilməsi sahəsində operativliyin təmin olunması, ona qarşı mübarizənin səmərəliliyinin artırılması zərurətindən irəli gəlmiş və bu sahədə nüfuzlu beynəlxalq təşkilatların tövsiyələri və qabaqcıl Avropa ölkələrinin təcrübəsi nəzərə alınmışdır. Eyni zamanda, qeyd etmək istərdim ki, idarəyə korrupsiya ilə bağlı cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsi ilə son dövrlərədək bir neçə dövlət qurumu tərəfindən eyni fəaliyyətin həyata keçirilməsində mövcud olmuş sistemsizlik və təkrarçılıq aradan qaldırılmışdır.

Odur ki, Milli Məclisin 24 oktyabr 2011-ci il tarixli iclasında "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara edilmiş əlavə və dəyişiklikləri 18 mart 2011-ci il tarixli qanununun məntiqi davamı kimi qiymətləndirmək lazımdır.

- Kamran müəllim, əməliyyat-axtarış səlahiyyətləri verildiyi vaxtdan bu günə qədər idarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində hansı tədbirlər həyata keçirilmişdir?

- Qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri əsasında 12 may 2011-ci il tarixdə İdarənin strukturunda birbaşa bu fəaliyyətin həyata keçirilməsinə məsul olan Əməliyyat və Əməliyyat təminatı şöbələri yaradılmış və ötən müddət ərzində uğurla fəaliyyət göstərmişdir. Təsadüfi deyil ki, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətlərinin verilməsindən ötən qısa müddət ərzində İdarə tərəfindən müvəffəqiyyətlə həyata keçirilmiş 9 əməliyyat tədbiri nəticəsində 15 şəxs cinayət başında yaxalanaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Eyni zamanda, bir məsələyə də toxunmaq istərdim. Belə ki, bəzi dövri mətbu nəşrlərdə "belə getsə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinə də əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə səlahiyyətlərin veriləcəyi" barədə fikirlər səsləndirənlərin diqqətinə çatdırmaq istərdim ki, həmin qurumlar artıq uzun illərdir ki, ibtidai araşdırması həmin qurumlara həvalə edilmiş cinayətlərlə mübarizə sahəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirirlər və bu təcrübə inkişaf etmiş ölkələrdə də uğurla tətbiq olunur və cinayətkarlığa qarşı mübarizədə özünü doğruldur.

- Eyni zamanda, bəzi KİV-lərdə qeyd olunan dəyişikliklərin prokurorluq orqanlarında korrupsiya faktları və qanunsuzluqların ört-basdır edilməsi məqsədi daşıyan düşünülmüş addım olduğu iddia olunur. Qeyd olunanlarla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı.

- Qanunvericiliyə edilmiş dəyişikliklərə bu cür qeyri-peşəkar yanaşma qəbuledilməzdir. Fikrimcə, bunlar Azərbaycan Respublikasında həyata keçirilən kompleks və sistemli korrupsiyaya qarşı mübarizə siyasətinin üzərinə kölgə salmağa hesablanmış qərəzli münasibətin göstəricisidir. İdarəyə əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətləri verildikdən sonra korrupsiyaya qarşı mübarizə sahəsində səylərimiz artmaqla tərəfimizdən həyata keçirilən tədbirlər barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar verilir. Bundan əlavə, qeyd etmək yerinə düşər ki, korrupsiyaya qarşı mübarizə başqa sahələrlə yanaşı, prokurorluq orqanlarının daxilində də aparılır. Təkcə bu ilin 9 ayı ərzində İdarə tərəfindən prokurorluq işçisinə yaraşmayan və korrupsiya əməllərinə yol vermiş 3 prokurorluq əməkdaşı ifşa olunaraq barələrində cinayət işləri başlanılmışdır. Təbii ki, bunlarla kifayətlənməyəcəyik. Dövlət başçısı cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi etimada layiq şəkildə bundan sonra da korrupsiya cinayətlərinin aşkar edilməsi, qarşısının alınması, cinayət törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində səylərimizi artıracağıq. Hazırda qeyd etdiyim şöbələrin ixtisaslı və təcrübəli kadrlarla komplektləşdirilməsi, onların maddi-texniki bazasının ən müasir avadanlıqlar və qurğularla təmin olunması istiqamətində ən zəruri tədbirlər görülür. Odur ki, qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə tədbirlərinin kəsəri daha da artacaqdır.

- Mətbuatda həmçinin belə bir fikir irəli sürülmüşdür ki, istintaqın ədalətli aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərkibində vahid İstintaq Komitəsi yaradılmalıdır. Bu fikrə münasibətinizi bilmək istərdik.

- Ümumilikdə götürdükdə bu sahədə beynəlxalq yanaşma kifayət qədər müxtəlifdir. Qabaqcıl ölkələrin təcrübəsində bu məsələ fərqli prizmalardan həll olunmuşdur. Məsələn, Rusiya Federasiyasında fəaliyyət göstərən İstintaq Komitəsi müstəqil qurumdur. Azərbaycan Respublikası müstəqil dövlətdir və müvafiq olaraq hər bir məsələyə öz müstəqil yanaşması mövcuddur. Odur ki, Azərbaycan Respublikasının Prokurorluğu, o cümlədən də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bütövlükdə fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbləri əsasında qurulub.

Xəbər lenti

Xəbər lenti