...

Kamran Ağayev: Heç vaxt "Neftçi"nin formasını geyinməyəcəm (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2011 13:09 (UTC +04:00)
Zədə hər bir futbolçunun başına gələ bilər və mən yalnız zədə səbəbindən "Neftçi" ilə son oyunu buraxmışam.
Kamran Ağayev: Heç vaxt "Neftçi"nin formasını geyinməyəcəm (FOTO)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Zədə hər bir futbolçunun başına gələ bilər və mən yalnız zədə səbəbindən "Neftçi" ilə son oyunu buraxmışam. Bunu şənbə günü Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycan milli yığmasının və "Xəzər Lənkəran" futbol klubunun qapıçısı Kamran Ağayev bildirib.

O, son günlər KİV-lərdə qapıçının guya "Neftçi" klubuna keçəcəyi səbəbindən paytaxt klubuna qarşı oyuna çıxmaqdan imtina etməsi ilə bağlı yayılan məlumatların heç bir əsası olmadığını bildirib.

"Mənim mövsümün sonuna kimi "Xəzər Lənkəran"la müqaviləm var və klub rəhbərliyinin razılığı olsa, altı ildir oynadığım bu klubda karyerama davam etmək istərdim. Mən əvvəllər də demişəm, indi də deyirəm ki, heç vaxt "Neftçi"nin formasını geyinməyəcəm", - Ağayev deyib.

Qapıçı qeyd edib ki, klub rəsmiləri müqavilə uzatmaq niyyətində olmasalar, o, əcnəbi kluba keçərək karyerasını davam etmək istərdi.

Kamran Ağayev, həmçinin "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Redniklə və digər klub nümayəndələri ilə heç bir probleminin olmadığını bildirib.

Qapıçı hazırda zədəsini sağaltmaqla məşğul olduğunu vurğulayıb.

Kamran Ağayevin forma geymədiyi Azərbaycan çempionatının son turunda "Xəzər Lənkəran" Bakıda "Neftçi"yə 5:0 hesabı ilə məğlub olub.

Xəbər lenti

Xəbər lenti