Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan Vergilər Nazirliyi ticarət və xidmət obyektlərinin icarəyə verilməsi zamanı vergidən yayınma hallarına qarşı ciddi tədbirlərə başlayıb.
Nazirlikdən bazar ertəsi Trend-ə bildirilib ki, son illər ticarət və xidmət obyektlərinin və digər növ əmlakın icarəyə verilməsi halları geniş yayılıb. Bu sahənin vergiyə cəlb edilməsi vəziyyətini araşdıranda isə məlum olub ki, əksər hallarda vergi ödəyiciləri təsərrüfat subyektini faktiki olaraq icarəyə verdikləri halda, bu münasibət (yəni obyektin istifadə hüququ) etibarnamə ilə rəsmiləşdirilir. Başqa sözlə, obyektin sahibi icarəçi ilə müqavilə bağlamaq əvəzinə icarəçiyə etibarnamə verir. Bu isə obyekt sahibinin vergidən yayınmasına səbəb olur.
"Mövcud vəziyyətin təhlili göstərir ki, Bakı şəhər Vergilər Departamentində qeydiyyatda olan 62 459 təsərrüfat subyektinin 13 409-u istifadə etdiyi obyekti etibarnamə ilə icarəyə götürmüş şəxslərdir", - məlumatda bildirilir.
Məlumata görə, bu vəziyyətin aradan qaldırılması üçün vergilər nazirinin əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş"ə dəyişiklik edilib. Həmin dəyişikliklərlə təsərrüfat subyektlərinin icarə münasibətləri ilə bağlı məsələlər tənzimlənir.
Vergilər Nazirliyində sahibkarlara və obyekt sahiblərinə xatırladırlar ki, sahibkarlıq məqsədi üçün istifadəyə verilən obyektlərin etibarnamə ilə verilməsi Mülki Məcəllənin tələblərinə də ziddir. Belə ki, məcəllənin 362.1, 152.8 və 359.1-ci maddələrinə əsasən, etibarnamə yalnız etibar edənin üçüncü şəxslər qarşısında təmsil olunması, onun hüquq və mənafelərinin həyata keçirilməsi üçün verilir. Məcəlləyə əsasən, etibar edilən şəxs (yəni obyektdən istifadə edən) vergi ödəyicisi kimi qeydiyyata duraraq etibarnamə əsasında verilmiş əmlakdan öz mənafeyi naminə istifadə edə bilməz.
Başqa sözlə, qanuna görə, əmlakdan sahibkarlıq məqsədilə istifadə olunursa, icarə müqaviləsi bağlanmalı, icarəçi icarə haqqı ödəməli, əmlakın sahibi isə bu gəlirdən vergi ödəməlidir: "Vergi ödəyiciləri müqavilədə icarə haqqını müəyyənləşdirməklə təsərrüfat obyektini vergi orqanında uçota qoymalıdır. Əmlakın icarəyə verilməsindən gələn gəlirlər üzrə verginin dərəcəsi isə 14%-dir".