Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda hotellərin onlayn şəbəkəyə qoşulmamasının səbəbi biganəlikdir. Bunu cümə günü Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət əvvəl bildirmişdi ki, ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlər keçirilir, növbəti ilin mayında isə Bakıda "Eurovision 2012" mahnı müsabiqəsi təşkil olunacaq. Bu baxımdan hotellərin onlayn şəbəkəyə qoşulması vacibdir. Nazirin fikrincə, bəzi hotellər bu şəbəkəyə qoşulmaqdan çəkinirlər.
Hotellərin yeniliyə bir az ehtiyatla yanaşdığını deyən Ağakərimovun sözlərinə görə, Azərbaycanda brend hotellər istinsa olmaqla, indiyədək 10-a yaxın hotel onlayn şəbəkəyə qoşulub.
Gələcəkdə hotellərin hamısının bu şəbəkəyə qoşulacağına ümid edən müşavir bunun üçün müəyyən vaxtın tələb edildiyini də açıqlayıb.
Onun sözlərinə görə, respublikadakı hotellərin 100-dən çoxu Bakı və Abşeron yarımadasında, qalanları rayonlarda yerləşir. İlk növbədə, Bakı şəhərindəki hotellərin bu şəbəkəyə qoşulacağı gözlənilir.
Ekspert hesab edir ki, onlayn şəbəkəyə qoşulmağın çox müsbət cəhətləri var. Bu şəbəkədən istifadə hotellərin beynəlxalq aləmə çıxmasına, imicinə müsbət təsir göstərə bilər.
Ağakərimovun fikrincə, hotellərin bu şəbəkəyə qoşulmasına maraq yaratmaqdan ötrü təbliğat aparılmalıdır.
Bu ilin I yarısına olan məlumatlara görə, ölkədə 504 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.