...

Naxçıvanda Ubeyd mədəniyyəti ilə bağlı yeni fakt aşkarlanıb

Cəmiyyət Materials 22 Noyabr 2011 17:29 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Şərur rayon Tarix-Diyarşünaslıq muzeyindən bir ədəd Ubeyd tipli boyalı kasa aşkarlayıb.
Naxçıvanda Ubeyd mədəniyyəti ilə bağlı yeni fakt aşkarlanıb

Azərbaycan, Bakı, 22 noyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Şərur rayon Tarix-Diyarşünaslıq muzeyindən bir ədəd Ubeyd tipli boyalı kasa aşkarlayıb.

Akademiyadan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin apardığı araşdırmalar zamanı aşkarlanmış kasada naxışlar qabın cilalanmış səthinə qırmızı boya ilə çəkilib. Naxışlar kasanın ağzının kənarına çəkilən enli zolaqdan ayrılan şüaşəkilli ornamentlərdən ibarətdir. Ubeyd mədəniyyəti üçün xarakterik olan bu tip naxışlama onun müxtəlif mərhələlərində istifadə edilib.

Ubeyd mədəniyyəti nümunələrinə bu il Naxçıvan ərazisində aparılan araşdırmalar zamanı Ovçulartəpəsində və Uçan Ağıl yaşayış yerində də rast gəlinib. Bu motivlər müəyyən dəyişikliklərlə Orta Tunc dövründə istifadə olunub. Yeni faktlar Naxçıvan ərazisində Eneolit mədəniyyətinin müəyyən müddət davam etdiyini və bu mədəniyyətin sonradan Orta Tunc dövrü mədəniyyətinin əsasını təşkil etdiyini göstərir.

Yaxın Şərq mədəniyyətini tədqiq edən bir sıra tədqiqatçılar Mesapatomiyada yayılan Ubeyd mədəniyyətini türkdilli xalqlara aid ediblər və bu mədəniyyətin Cənubi Qafqaz ərazisinə yayılmasını türklərlə bağlayıblar. Son iki ildə aparılan araşdırmalar zamanı Ubeyd mədəniyyəti ilə bağlı yeni faktlar aşkar edilib.

Xəbər lenti

Xəbər lenti