...

"Erməni Aşıq sevgi romansı ənənəsi" adlı saxta faylın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin qarşısı alınıb

Cəmiyyət Materials 28 Noyabr 2011 10:47
Qabaqlayıcı tədbirlər nəticəsində "Erməni Aşıq sevgi romansı ənənəsi" adlı saxta faylın YUNESKO tərəfindən qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin qarşısı alınıb.
"Erməni Aşıq sevgi romansı ənənəsi" adlı saxta faylın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin qarşısı alınıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir İ.İsabalayeva/

Qabaqlayıcı tədbirlər nəticəsində "Erməni Aşıq sevgi romansı ənənəsi" adlı saxta faylın YUNESKO tərəfindən qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin qarşısı alınıb. Bu barədə bazar ertəsi Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu ilin 20 noyabr-1 dekabr tarixlərində İndoneziyanın Bali adasında YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 6-cı sessiyası keçirilir. Azərbaycan 2010-cu ildən etibarən qeyd edilən Komitənin dörd il müddətinə üzvüdür.

Sessiyanın ilk günündə qeyri-maddi mədəni irsin təcili qorunma siyahısına təqdim edilmiş nominasiyalar müzakirə edilib. Ermənistan tərəfindən təqdim olunan iki nominasiya - "Erməni Aşıq sevgi romansı ənənəsi" və "Erməni su festivalı Vardavar" adlı fayllar da müzakirə edilən nominasiyalar arasında olub.

Müzakirə zamanı Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyi ilə yanaşı, aşıq sənətinin Ermənistan tərəfindən mənimsənildiyi və nominasiyada Dağlıq Qarabağla bağlı təxribat xarakterli istinadların olduğu Komitə üzvlərinə çatdırılıb. Qeyd edilənlərin Konvensiyanın müvafiq müddəalarına zidd olduğu və YUNESKO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi vurğulanıb.

Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, Komitənin əksər üzvləri ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın iki nominasiyasının qeyri-maddi mədəni irs üzrə təcili qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən YUNESKO Katibliyinə Ermənistanın təqdim etdiyi sənədlərdə erməni tərəfinin Azərbaycanın mədəni irsinə qarşı saxta fəaliyyəti və nominasıyaların qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın şərtlərinə uyğun olmaması barədə oktyabr ayının ortalarında müraciət ünvanlanıb. Müraciətdə 2009-cu ildə Azərbaycan Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyi xatırladılaraq aşıq sənətinin xalqımızın zəngin mədəni irsinin bir nümunəsi olduğu göstərilib.

YUNESKO tərəfindən bu münasibətə cavab olaraq bildirilib ki, Katiblik bu problemli məsələdən məlumatlıdır və Azərbaycan Komitənin üzvü kimi bu məsələləri iclasda bir daha qaldıra və komitənin qərarına belə halların qəbul edilməzliyi barədə müvafiq maddənin və ya əlavənin qəbul edilməsini təklif edə bilər.

Azərbaycan Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri və YUNESKO yanında Daimi Nümayəndəliyin birgə fəaliyyəti nəticəsində təqdim edilmiş sənədlər öcədən də YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Ekspert Komitəsinin müsbət rəyini ala bilməyib. Beləliklə, Aşıq sevgi romansı və Vardavar faylı carı ilin 20 noyabr-1 dekabr tarixlərində İndoneziyanın Bali adasında keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 6-cı sessiyasında Mədəniyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumların önləyici tədbirləri nəticəsində qəbul edilməyib. Bütün bu hadisələr Ermənistanın saxtakarlıq fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən öz layiqli cavabını almasının bir daha bariz nümunəsidir.

İclasda ölkəmizi YUNESKO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva və müstəqil ekspert-musiqişünas Sənubər Bağırova təmsil edib.

Xəbər lenti

Xəbər lenti