...

Şərqi Avropa və Mərkəzi Asiya ölkələri təhsildə korrupsiyaya məsələlərini müzakirə ediblər

Cəmiyyət Materials 28 Noyabr 2011 13:55 (UTC +04:00)
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən YUNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə Bratislava şəhərində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edilib.
Şərqi Avropa və Mərkəzi Asiya ölkələri  təhsildə korrupsiyaya məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir İ.İsabalayeva/

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən YUNESKO-nun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutunun (TPBİ) dəstəyi ilə Bratislava şəhərində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində təhsildə korrupsiyaya qarşı mübarizə məsələləri müzakirə edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Komissiyanın sədri Məleykə Abbaszadə və sektor müdiri Nigar Hüseynova təmsil ediblər.

Konfransın əsas məqsədi təhsil sahəsində çalışan dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin bir araya gətirilməsindən, təhsildə korrupsiyanın qarşısının alınması yollarının müzakirəsindən, müsbət təcrübələrin təqdim olunmasından, bu sahə üzrə bilik mübadiləsinin aparılmasından ibarət olub.

Təşkilatçılar konfransa Azərbaycanı təmsil edəcək aidiyyəti qurum kimi məhz TQDK-nı dəvət ediblər.

Konfrans tərəfindən yayılan hesabatda deyilir ki, aparılmış çoxillik tədqiqatların nəticələrinə əsasən, təhsil sahəsində korrupsiya halları ölkənin iqtisadi yüksəlişinə də mane olur. Təhsildə korrupsiya şagirdlərin bilik və bacarıqlarının zəif inkişafına gətirib çıxarır. Bunun nəticələrini aradan qaldırmaq baha başa gəlir və ümumi iqtisadi yüksəlişə də ciddi təsir göstərir.

Təhsildə korrupsiya dövlət xərclərinə və gəlirlərin ədalətli bölgüsünə də mənfi təsir göstərir. Maliyyə və kadr resursları baxımından dünya ölkələrinin əksəriyyətində təhsil birinci, yaxud ikinci ən böyük bölmə hesab olunur. Ona görə də əminliklə bildirmək olar ki, bu sahədə korrupsiya hallarının mövcudluğu dövlət xərclərinin effktiv paylaşdırılması baxımından ciddi nəticələrə gətirib çıxara bilər.

2007-ci ildə TPBİ tərəfindən dərc olunmuş "Korrupsion universitetlər, korrupsion məktəblər: Nə etmək olar?" adlı hesabatda da Azərbaycanda TQDK-nın fəaliyyəti müsbət qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti